Kontentə keç

23 NOYABR 2018
RUSİYA

Rusiyada kütləvi həbslər davam edir

Rusiyada kütləvi həbslər davam edir

2018-ci ilin oktyabr ayı ərzində yerli və federal polis Rusiyanın qərb bölgələrində 30-dan çox evdə reyd keçirdi. Altı qardaşımız və iki bacımız tutuldu və ekstremist fəaliyyət adı altında məhkəməyəqədərki həbsə salındı. Nəticədə, hal-hazırda 25 bacı-qardaşımız haqsız yerə azadlıqdan məhrum edilib, 18-i isə ev dustaqlığındadır.

7 oktyabr, Smolensk vilayəti, Sıçyovka şəhəri. Yerli polis və maskada olan xüsusi təyinatlı qüvvələr dörd evdə axtarış apardı, 43 yaşlı Nataliya Sorokina adlı və 41 yaşlı Mariya Troşina adlı iki bacımızı həbs etdi. Onların həbsindən iki gün sonra Leninski Rayon Məhkəməsi bu bacılarımızın 19 noyabr 2018-ci il tarixinə kimi məhkəməyəqədərki həbsdə saxlanılmasına qərar verdi. Amma 16 noyabr 2018-ci il tarixində bu məhkəmə bacılarımızın həbs müddətini daha üç ay artırdı, belə ki, onlar 19 fevral 2019-cu il tarixinə kimi məhkəməyəqədərki həbsdə qalmalıdır.

9 oktyabr, Kirov vilayəti, Kirov şəhəri. Bu ərazidə ən azı 19 evdə reyd keçirildi. Beş yığıncaq ağsaqqalı tutuldu və məhkəməyəqədərki həbsə salındı. Dörd qardaşımız (Maksim Xalturin, Vladimir Korobeynikov, Andrey Suvorkov və Yevgeni Suvorkov) Rusiya vətəndaşıdır, Andzey Onişçuk adlı bir qardaşımız isə Polşa vətəndaşıdır. Andzey Onişçuk qardaş Danimarkadan olan Dennis Kristensendən sonra Rusiyada əqidəsinə görə haqsız yerə həbs edilən ikinci xarici vətəndaşdır.

18 oktyabr, Başqırdıstan Republikası, Dyurtyuli şəhəri. Bu ərazidə polis ən azı 11 evdə reyd keçirdi, pul, bank kartları, şəkillər, şəxsi məktublar, kompüterlər, SİM kartlar və mobil telefonları müsadirə etdi. Anton Lemeşov adlı bir yığıncaq ağsaqqalı tutuldu və iki ay müddətinə məhkəməyəqədərki həbsə salındı. 31 oktyabr 2018-ci il tarixində o, həbsxanadan buraxıldı, hal-hazırda yaşadığı mənzildə ev dustaqlığında saxlanılır.

Rusiyadakı bacı-qardaşlar keçirilən reydlərə və qeyri-qanuni şəkildə şəxsi əşyaların müsadirə edilməsinə baxmayaraq, həbsdə olanlar üçün dua etməyə və həm onlara, həm də ailələrinə mümkün qədər praktiki yardım göstərməyə davam edirlər. Bu vəziyyət öz həllini tapana qədər bütün dünyadakı bacı-qardaşlar Rusiyada olan dindaşlarımızdan ötrü Yehova Allaha yalvaracaq (Efeslilərə 6:18).