27 DEKABR 2017
RUSİYA
Apellyasiya şikayəti rədd edildi. Rusiya Məhkəməsi Müqəddəs Kitabın «ekstremist» elan edilməsi ilə bağlı qərarı təsdiqlədi
Apellyasiya məhkəməsi əvvəlki məhkəmənin qərarını təsdiqlədi. Həmin məhkəmədə Müqəddəs Kitabın rus dilində «Yeni Dünya Tərcüməsi»nin «ekstremist» nəşr olduğu elan edilmişdi. Bu qərarın hal-hazırda qüvvədə olması onu göstərir ki, Müqəddəs Kitab (Bibliya) qadağan edilib və tezliklə Ekstremist Materialların Federal Siyahısına daxil ediləcək. Hal-hazırda «Yeni Dünya Tərcüməsi»ni başqalarına yaymaq cinayət işi hesab olunur. Hətta əgər kimdəsə bu nəşrin şəxsi nüsxəsi varsa, onu böyük məbləğdə cərimə və ya daha ağır cəza gözləyir.
Məhkəmə «ekspert» ifadəsində sübutun olmamasına əhəmiyyət vermir
20 dekabr 2017-ci il tarixində Leninqrad Rayon Məhkəməsi müstəntiqin və ya məhkəmənin təyin etdiyi «ekspert»in «Yeni Dünya Tərcüməsi»nin «ekstremist» nəşr olduğuna dair heç bir dəlil təqdim etməməsinə baxmayaraq, Vıborq Şəhər Məhkəməsinin qərarını dəyişmədi. Məhkəmə qərarları Müqəddəs Kitabın (Bibliya) rus dilində olan bu müasir tərcüməsini tənqid edən cəmi bir «ekspert» araşdırmasına əsaslandırdı.
Rayon məhkəməsinin üç hakim heyəti etiraf etdi ki, «Yeni Dünya Tərcüməsi»nin araşdırmasında ziddiyyətlər mövcuddur və araşdırmanı hazırlayan «ekspertlər» sorğuya çağırıldı. Sədrlik edən hakim Larisa Qorbatova araşdırmanın aparıcı üzvlərindən biri olan xanım Kryukovadan Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin Bibliya olub-olmadığını soruşanda, o cavabında dedi ki, bu, «Pravoslav Xristianlığının ənənəvi mənasına» müvafiq deyil. Müdafiə tərəfin vəkili xanım Kryukovadan ekstremist əlamətləri olan, ən azı, bir ayə sitat gətirməsini istəyəndə o cavab verə bilmədi. Sonra hakim Qorbatova xanım Kryukovadan bu tərcümədə nəyin ekstremizm olduğunu soruşanda, o, bunun «qanuni bir sual» olduğunu söyləyərək cavab verməkdən imtina etdi.
Müdafiə tərəfin vəkillərindən biri «Yeni Dünya Tərcüməsi»nin Bibliya olub-olmadığını müəyyən edən meyarları soruşanda, xanım Kryukova bildirdi ki, bu nəşr ya «patriarxın xeyir-duasını» almalı, ya da bu xeyir-duanı almış digər tərcüməyə sözbəsöz müvafiq gəlməlidir. Sonra xanım Kryukovadan araşdırma zamanı nəyin əsasında «Yeni Dünya Tərcüməsi»nin «adekvat tərcümə» olmadığı qənaətinə gəlindiyini soruşdular. Həm o, həm də digər «ekspertlər» qərəzsiz meyarlar göstərə bilməyəndə məhkəmə «ekspertlərin» sorğusunu dayandırdı.
Sonra Yehovanın Şahidlərinin vəkilləri məhkəmədən xahiş etdilər ki, «ekspertlər»in böyük qismi Vikipediyadakı məlumatlara və Pravoslav seminarının tələbələrinin fikirlərinə əsaslan araşdırmalarının qərəzli olduğu faktı qəbul edilsin. Məhkəmə bu vəsatəti təmin etsə də, «Yeni Dünya Tərcüməsi»nə qərəzsiz ekspertlər tərəfindən baxılması və məsələnin yenidən məhkəməyə verilməsi vəsatətlərini rədd etdi.
Müqəddəs Kitaba olan bu hücumun məqsədi nədir?
Yekun dəlillər gətirilən zaman Yehovanın Şahidlərinin vəkilləri məhkəmədən soruşdular: «Prokurorluğun qanuni məqsədi nədir? O nəyə nail olmaq istəyir? Bu Müqəddəs Kitabı oxuyan yüz minlərlə rusdilli insan onu yandırmalıdır? Bəs əgər yandırmaq istəmirlərsə, onda cinayət məsuliyyətinə cəlb olunacaqlar?»
Rusiyada olan Yehovanın Şahidlərinin çoxu hökumət nümayəndələrinin onların ədəbiyyatını «ekstremist» elan edən əvvəlki qərara qarşı qeyri-mütənasib yanaşmasına görə çox narahatdır. Rusiyanın ekstremizmlə mübarizə haqda qanunda nəşrlərin yayılması və ya bu məqsəd üçün kütləvi sayda saxlanılması qadağan edilsə də, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bu qanun çərçivəsindən kənara çıxdılar. Onlar Yehovanın Şahidlərinin evlərində axtarış apardılar və şəxsi istifadələri üçün bir neçə nəşrə sadəcə malik olduqlarına görə inzibati məhkəmə icraatına başladılar. Üstəlik, hökumət nümayəndələri əlacsız qalıb dəlilləri saxtalaşdıraraq, Yehovanın Şahidlərinin ibadət evlərinə qadağan olunmuş ədəbiyyatın bir neçə nüsxəsini yerləşdirdilər. Sonra isə onlar Yehovanın Şahidlərinin hüquqi şəxsini ləğv etmək, hətta onlara qarşı cinayət işi açmaq üçün özlərinin «aşkar» etdikləri ədəbiyyatı dəlil olaraq istifadə etdilər.
Yehovanın Şahidlərinin evlərində daha təcavüzkar axtarışlar aparılacaq? Onlar «Yeni Dünya Tərcüməsi»ni şəxsi istifadələri üçün sadəcə saxladıqlarına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacaqlar? Rusiya hökumətinin bu qərardan Yehovanın Şahidlərinin din azadlığına maneə törətmək üçün başqa bir silah kimi necə istifadə edəcəyini zaman göstərəcək.