Kontentə keç

24 İYUL 2017
RUSİYA

Dennis Kristensenin həbs müddəti uzadıldı

Dennis Kristensenin həbs müddəti uzadıldı

20 iyul 2017-ci il tarixində Oryol Sovet Rayon Məhkəməsi Dennis Kristensenin istintaq təcridxanasında saxlanma müddətini 23 noyabr 2017-ci il tarixinə qədər uzatdı. Yehovanın Şahidi olan Danimarka vətəndaşı müttəhim Kristensen 25 may tarixində Federal Təhlükəsizlik agentlərilə birgə maskalı və silahlı polis işçilərinin Oryolda keçirilən dinc ibadətə basqını zamanı həbs olunub.

Vəkilləri onun zəmanətə buraxılması və ya girov qoymaqla azad edilməsi barədə vəsatətlə müraciət etdi. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər zorakılıq və cinayətə görə məhkum olunmaması faktına baxmayaraq, vəsatəti rədd etdi.

Kristensenin həbs müddətinin uzadılması qərarı Yehovanın Şahidlərinin bütün hüquqi şəxslərini ləğv edən və onların bütün ölkədə fəaliyyətini qadağan edən Rusiya Ali Məhkəməsinin 17 iyul tarixli Apellyasiya Kollegiyasının qərarından qısa müddət sonra verildi. Onilliklər boyu Yehovanın Şahidlərini təqib edib, onları «ekstremizmdə» ittiham etməyə çalışan Rusiya hakimiyyəti sonda onların dini fəaliyyətlərini qadağan etmək üçün qanuni əsas, daha doğrusu qanuni don geydirilmiş əsas tapdı.

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı missiya rəhbərinin müavini Keyt Barnes Rusiyadakı Yehovanın Şahidlərinin üzləşdiyi vəziyyətlə bağlı fikirlərini bölüşür: «17 iyul tarixində keçirilən Ali Məhkəmənin Yehovanın Şahidlərini ekstremizmdə ittiham edərək fəaliyyətlərinə qadağa qoyan və 395 yerli dini icma ilə birgə İdarə Mərkəzini ləğv edən qərarı qüvvədə saxlaması bizi çox qayğılandırır. Rusiyada 175000-dən çox Yehovanın Şahidinin sadəcə ibadət etdiyinə görə cinayətə cəlb olunmaq ehtimalı ilə üz-üzə durması ağlasığmazdır. Ekstremizmlə mübarizəyə yönəldilmiş qanunun Rusiyada dinc ibadətlə məşğul olan dini azlıqlara əsassız tətbiqinin geniş vüsət alması bizi olduqca narahat edir».