11 DEKABR 2017
RUSİYA
Rusiya Məhkəməsi Yehovanın Şahidlərinin əmlakının müsadirə edilməsinə yol açır
7 dekabr 2017-ci il tarixində Sestroretski Rayon Məhkəməsi prokurorun lehinə qərar çıxardı və Yehovanın Şahidlərinin Rusiyadakı İdarə Mərkəzinin himayəsində olan əmlakla bağlı uzunmüddətli müqaviləni ləğv etdi. Əgər apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayarsa, Rusiya hökumətinə Yehovanın Şahidlərinin Solneçnoye qəsəbəsində (Sankt-Peterburq yaxınlığındakı) yerləşən əmlakını qanuni yolla müsadirə etməyə hüquqi əsas verəcək.
17 il əvvəl Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinə (Pensilvaniya, ABŞ) (Gözətçi Qülləsi Cəmiyyəti) qanuni yolla köçürülən əmlakla bağlı hüquqi müqaviləyə Rusiya rəsmiləri tərəfindən heç vaxt etiraz edilməmişdi. Gözətçi Qülləsi Cəmiyyəti bu əmlakın mülkiyyət hüququnu İdarə Mərkəzinə vermişdi ki, Rusiya Federasiyasında yaşayan Yehovanın Şahidlərinin dini fəaliyyətinə rəhbərlik etsin. Onlar bu fəaliyyəti dəstəkləmək üçün əmlakın bütün vergilərini ödəmişdilər.
Ali Məhkəmənin 20 aprel 2017-ci il tarixində çıxardığı qərara əsasən, Yehovanın Şahidlərinin hüquqi şəxsləri ləğv edildi, onların fəaliyyətinə qadağa qoyuldu və onların əmlakı müsadirə edildi. İndi isə prokuror 17 illik müqavilənin qeyri-qanuni olduğunu iddia edir. Əslində tərəflərin razılığı ilə müqavilənin nizama salınması müddəti illər əvvəl bitib. Dörd saat çəkən dinləmə ərzində Yehovanın Şahidləri köçürülmənin qanuniliyinə və tanınmalı olduğuna dair güclü dəlillər təqdim etdilər. Sonda hakim Boqdanovanın elan etdiyi məhkəmə qərarı prokurorun lehinə oldu.
Yehovanın Şahidləri 30 gün ərzində bu qərarla bağlı apellyasiya şikayəti verə bilər.