Kontentə keç

20 DEKABR 2017
RUSİYA

Rusiyada «Yeni Dünya Tərcüməsi»nin qadağası qüvvədə qalır

Rusiyada «Yeni Dünya Tərcüməsi»nin qadağası qüvvədə qalır

Yehovanın Şahidləri Vıborq Şəhər Məhkəməsinin Müqəddəs Kitabın rus dilindəki «Yeni Dünya Tərcüməsi»nin qadağası ilə bağlı avqust qərarına apellyasiya şikayəti təqdim etmişdi. Bu gün Leninqrad Rayon Məhkəməsi bu nəşri ekstremist elan edərək həmin şikayəti rədd etdi. Dinləmədə Böyük Britaniya, Niderland, İsveçrənin nümayəndələri və Birləşmiş Ştatların diplomatik nümayəndə heyəti də daxil olmaqla, təxminən 30 nəfər iştirak etdi.

Dinləmə gedişatı zamanı bir neçə dəfə müdafiə tərəfi məhkəmənin təyin etdiyi ekspert araşdırmasının qərəzli və əsassız olduğunu nümayiş etdirən aydın dəlillər təqdim etdi. Bu ekspert araşdırması «Yeni Dünya Tərcüməsi»nin Müqəddəs Kitab olmadığını iddia edir və onun «ekstremist» elan olunmasına yol açırdı.

«Ekspertlər» nəşrin özündə bu adın (Bibliya) yazılmadığını əsas gətirərək, «Yeni Dünya Tərcüməsi»nin Müqəddəs Kitab olmadığı iddiasında qəti dayandılar. Amma müdafiə tərəfi diqqəti rus dilində «Yeni Dünya Tərcüməsi»nin 2007-ci il buraxılışının beşinci səhifəsinə yönəltdi. Orada aydın deyilir: «Bu, Müqəddəs Kitabın (Bibliyanın) rus dilində yeni tərcüməsidir». Müdafiə tərəfi 287 gün ərzində «Yeni Dünya Tərcüməsi»nə baxış keçirən, amma onun ön sözünün bu abzasında gətirilən sadə faktı nəzərdən qaçıran «ekspertləri» tənqid etdi.

İstintaq zamanı məhkəmə tərəfindən təyin olunmuş ekspertlərdən biri öz ilkin iddiasında dayanaraq bildirdi ki, «Yeni Dünya Tərcüməsi»nin «patriarxın xeyir-duası ilə» qeyd olunmayana və ya belə bir tərcümə ilə sözbəsöz uyğun gəlməyənə qədər Müqəddəs Kitab (Bibliya) sayıla bilməz. Bu «ekspertlər» həmçinin Allahın şəxsi adının, «Yehova» adının istifadə olunmasına etiraz etdi və «Yeni Dünya Tərcüməsi» mətninin müəyyən kilsə ehkamlarını dəstəkləmədiyini bildirdi. Hakim müdafiə tərəfinin «Yeni Dünya Tərcüməsi»nin yeni qərəzsiz ekspert araşdırması üçün verdiyi istənilən vəsatəti rədd etdi.

Bu gün apellyasiya şikayəti rədd edildikdən sonra bacı-qardaşlarımızın Rusiya hüquq sistemində heç bir mövcud müdafiə vasitələri qalmadı, ona görə də bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edəcəklər.

Bütün dünyadakı Yehovanın Şahidləri əmindirlər ki, heç bir insan təşkilatı Allahın Kəlamını yer üzündən silməyə müvəffəq olmayacaq və onun yayılmasının qarşısını almaq cəhdləri uğursuzluğa düçar olacaq (Əşiya 40:8).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000