22 APREL 2014-CÜ İL
RUSİYA
Rus vətəndaşları imanlarına görə cinayət məsuliyyətinə cəlb olunurlar
Rusiyanın müasir tarixində ilk dəfədir ki, sırf ibadət etmək məqsədilə sülh şəraitində ibadət məqsədilə bir yerə yığışdıqları və öz dinlərinə etiqad etdikləri üçün Taqanroqdakı 16 Yehovanın Şahidinə a qarşı cinayət ittihamı qaldırılıb b. Əgər təqsirkar hesab olunsalar, onları 300000 rubl (10000 ABŞ dolları) məbləğində cərimə və ya 8 ilə qədər həbs cəzası gözləyir. Məhkəmə qərar verməmişdən öncə Taqanroq şəhərindən kənara çıxmamaları ilə bağlı 16 Şahidin dilindən kağız alınıb.
Taqanroqdakı Şahidlərə qarşı təqiblər 2008-ci ilin iyun ayında Rostov vilayətinin prokurorunun Taqanroqdakı Yehovanın Şahidlərinin Yerli Dini Təşkilatının ləğv edilməsini və fəaliyyətinə qadağa qoyulmasını tələb edəndən sonra başladı. Prokuror həmçinin Şahidlərin çap etdiyi nəşrlərin ekstremist ədəbiyyatlar olduğunu iddia etdi. İlk məhkəmə instansiyası prokurorun iddiasını təmin etdi və Rusiya Federasiyasının Ali Məhkəməsi 2009-cu ilin 8 dekabrında bu qərarı təsdiqlədi.
Ali Məhkəmənin qərarından sonra yerli hakim dairələr Taqanroqda Yehovanın Şahidlərinin Padşahlıq zallarını (ibadət yerlərini) müsadirə edərək onları evlərdə yığışmaq məcburiyyətində qoydular. Məhkəmə həmçinin səlahiyyətli şəxslərdən tələb etdi ki, Şahidlərin 34 nəşrini Federal ekstremist materiallar siyahısına daxil etsinlər. Yehovanın Şahidləri bu qərara etiraz edərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdilər.
Taqanroqdakı dövlət nümayəndələri elə hesab etdilər ki, bu qərar onlara Şahidləri incitmək və qorxutmaq səlahiyyəti verir. 2011-ci ildə polis işçiləri 19 Şahidin evində ekstremist ədəbiyyatlar tapmaq məqsədilə 8—11 saat ərzində axtarış aparmışlar. Onlar bəzilərinin evinə səhər saat 6-da girərək, qocalar və uşaqlar da daxil olmaqla, bütün ailə üzvlərini yuxudan oyatmışdılar. Onlar heç nəyə baxmayaraq bütün dini ədəbiyyatları və şəxsi əşyaları müsadirə etdilər. Üstəlik, Şahidlərin hərəkətlərində qeyri-qanuni nəsə tapmaq məqsədilə yerli dövlət nümayəndələri görüşləri və orada iştirak edənləri gizli kameraya çəkmişdilər. Taqanroqdakı hadisələr dövlət tərəfindən Yehovanın Şahidlərinin bütün Rusiya ərazisində təqib edilməsi və hüquqların tapdalanması kampaniyasının başlanğıcı oldu c.
Yehovanın Şahidləri bütün dünyada tanınmış dini təşkilatdır. Rusiya Federasiyasının Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası din azadlığına zəmanət verir. Dünyanın müxtəlif ölkələrində Ali Məhkəmələr Yehovanın Şahidlərinin belə bir hüquqlarının olduğunu təsdiq etmişdi. Bütün bunlara baxmayaraq, Taqanroq şəhərinin dövlət nümayəndələri elə davranırlar, sanki, Şahidlərin belə bir hüququ yoxdur.
On altı Şahid hələ də müttəhim kürsüsündədir. Məhkəmə son dəfə tərəfləri dinlədikdən sonra onların işi ilə bağlı qərarın may ayında çıxarılacağı gözlənilir. Əgər məhkəmə ittiham hökmü çıxararsa, onda Taqanroqdakı 800-dən çox Yehovanın Şahidinin azadlığı təhlükə altında olacaq. Üstəlik, bu qərar Rusiyanın digər regionlarında Şahidlərin əleyhinə qaldırılan və həlli gözlənilən cinayət işləri üçün presedent ola bilər.
Yehovanın Şahidlərinin Rusiyadakı təmsilçisi Qriqori Martınov demişdi: «Dini azadlığın bu cür sıxışdırılması əsassızdır. Yehovanın Şahidləri Rusiya Federasiyasının bütövlüyü və təhlükəsizliyi baxımından heç də təhlükəli deyillər. Bu insanlar sadəcə olaraq Yehovanın Şahidi olduqları üçün amansız təqiblər və qərəzli münasibətlə üzləşirlər».
a Yuxarıda 16 nəfərdən 10-nun şəkli göstərilib.
b Rusiyanın dövlət nümayəndələri 2012-ci ildə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282.2.1 və 282.2.2-ci maddələrinə əsasən bu 16 Şahidə cinayət işi açdı. Bu məcəlləyə əsasən onları üç ilə qədər həbs cəzası gözləyirdi. Həmçinin Cinayət Məcəlləsinin 150.4 maddəsini pozmaqda ittiham olunan yığıncağın dörd ağsaqqalını isə 5—8 il müddətinə həbs cəzası gözləyir.
c Rusiya Federasiyasının Ali Məhkəməsi 2009-cu il 8 dekabr tarixində verdiyi qərardan sonra polis işçiləri 1600-dən çox Şahidi tutmuş, Yehovanın Şahidlərinin nəşr etdikləri 70-dən çox dini ədəbiyyatlara ekstremist ədəbiyyatlar kimi qadağa qoymuş, 171-dən çox ev və ya ibadət yerində axtarışlar aparmış və 69 dəfə ibadət zamanı dini fəaliyyətlərinə mane olaraq yarımçıq kəsmişlər.