1 MAY 2018
RUSİYA
Rusiya hökuməti Yehovanın Şahidlərinin ABŞ-dakı hüquqi şəxsinə məxsus əmlakı müsadirə etməyə çalışır
NYU-YORK. Cümə axşamı, 3 may 2018-ci il tarixində Sankt-Peterburq Şəhər Məhkəməsi Yehovanın Şahidlərinin apellyasiya şikayətini dinləyəcək. Apellyasiya onların Rusiyadakı keçmiş filialının müsadirəsinə dair çıxarılan qərara etiraz olaraq verilib. Əgər apellyasiya təmin olunmasa, onda 14 binadan ibarət kompleks dərhal dövlət tərəfindən müsadirə edilə bilər. Bu əmlak təxminən 31,8 milyon dollar (2 milyard rubl) dəyərində olan 10 hektarlıq ərazini əhatə edir.
2017-ci ilin dekabrında Sestroretskiy Rayon Məhkəməsi tərəfindən verilən ilk qərarda bildirilmişdi ki, Yehovanın Şahidlərinin Rusiyadakı filialı Birləşmiş Ştatlarda yerləşən qeyri-kommersiya cəmiyyəti olan Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinə (GQTC, Pensilvaniya) məxsus deyil. Rusiyadakı Yehovanın Şahidləri bu əmlakı 2000-ci ildə GQTC-nin adına köçürmüşdü. GQTC bu əmlak üçün o vaxtdan bəri Rusiya Federasiyasına təxminən 3 milyon dollar (188 milyon rubl) dəyərində vergi ödəyib. Rusiya hökumətinin təqribən 17 il ərzində bu hüquqi köçürməni tanımasına baxmayaraq, indi rayon məhkəməsi GQTC-nin sahiblik müqaviləsinin saxta olduğuna dair iddia irəli sürür. Nəticədə, məhkəmə bəyan etdi ki, cari sahibkar Yehovanın Şahidlərinin Rusiyadakı İdarə Mərkəzidir. Bu İdarə Mərkəzi (İM) 2017-ci ildə Ali Məhkəmə tərəfindən ləğv edildiyindən, Yehovanın Şahidlərinin apellyasiyası təmin olunmasa, qərar qüvvədə qalacaq və əmlak dövlət tərəfindən dərhal müsadirə ediləcək.
Dinləmə saat 11:30-da Basseynaya küçəsi 6 ünvanında yerləşən Sankt-Peterburq Şəhər Məhkəməsində başlayacaq.
Əlaqə üçün:
Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000