Kontentə keç

Polis Tomskda şəxsi evdə keçirilən ibadət görüşünə reyd keçirir.

20 İYUN 2018
RUSİYA

Rusiyada keçirilən reydlərdən sonra daha çox Yehovanın Şahidi həbs olunub

Rusiyada keçirilən reydlərdən sonra daha çox Yehovanın Şahidi həbs olunub

Ötən ay ərzində Rusiya hökumət nümayəndələri terror kampaniyasını daha da genişləndirdi və ekstremizmlə mübarizə adı altında daha çox Yehovanın Şahidlərini həbs etdi. Polis dəstələri Birobican, Xabarovsk, Maqadan, Orenburq, Naberejnıye Çelnı, Perm, Pskov, Saratov və Tomskda şəxsi mənzillərdə reyd keçirdi. Onlar daha 15 Yehovanın Şahidini tutdu, beləcə, məhkəməyəqədərki həbsdə yatan Yehovanın Şahidlərinin ümumilikdə sayı 20 oldu. İki nəfər isə ev dustaqlığına məhkum edildi. Ən azı 15 Yehovanın Şahidini yaşadıqları ərazini tərk etməyəcəklərinə dair sənəd imzalamağa məcbur etdilər. Onların arasında yaşı 70-i, 80-i keçən dindaşlarımız da var idi. 2018-ci il iyunun 14-nə kimi Rusiyadakı hökumət nümayəndələri 40-dan çox Yehovanın Şahidinə qarşı cinayət ittihamları irəli sürdü. Əgər onlar təqsirli bilinsələr, on ildən çox həbs cəzasına məruz qala bilərlər.

Rusiyada reyd keçirilən ərazilər

Rusiya hökuməti açıq məhkəmədə zəmanət vermişdi ki, Yehovanın Şahidlərinin hüquqi şəxslərinin qadağa olunması dinin fərdi üzvlərinin ibadət etmə hüququna təsir etməyəcək. Rusiya bu zəmanətə tamamilə etinasız yanaşdı və Cinayət Məcəlləsinin 282-ci maddəsini yanlış tədbiq edərək, Yehovanın Şahidlərini «ekstremist» təşkilatda ibadət etməkdə, onu təşkil etməkdə və maliyyələşdirməkdə ittiham etdi. Əslində isə Rusiya ekstremizmə qarşı mübarizə aparmaq yerinə, dinc ibadətlə məşğul olan vətəndaşlarını təqib edir.

Yeni reydlər, tutulmalar və həbs edilmələr

12 iyun 2018-ci il, Saratov şəhəri. Polis dindaşlarımıza məxsus bir sıra evdə reyd keçirdi, axtarış apardı və ən azı on Yehovanın Şahidini istintaq üçün polis məntəqəsinə apardı. Bir evdə axtarış apararkən hökumət nümayəndələri həmin evdə Rusiya məhkəmələri tərəfindən daha öncə qadağan olunan bir dini nəşr yerləşdirdi. Beş Yehovanın Şahidi tutuldu. Onlardan ikisi sonradan sərbəst buraxıldı, amma digər üçü nəzarətə alındı. Polis Konstantin Bajenovu və Feliks Maxammadiyevi «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham etdi. Aleksey Budençuka qarşı isə cinayət ittihamı təsdiq edilmədi. 14 iyun 2018-ci il tarixində Saratovun Fruzenski Rayon Məhkəməsi qərar verdi ki, Konstantin Bajenov və Feliks Maxammadiyev 12 avqust 2018-ci il tarixinə kimi məhkəməyəqədərki həbsdə saxlanılsınlar. Eyni məhkəmə Aleksey Budençukun da məhkəməyəqədərki həbsdə qalmasına qərar verdi, amma onun sərbəst buraxılma tarixi naməlumdur. Polis başqa Yehovanın Şahidlərinə yaşadıqları ərazidən çıxmayacaqlarına dair sənət imzalatdırdı.

3 iyun 2018-ci il, Tomsk şəhəri. Səhər saat 10:00 radələrində Rusiyanın Xüsusi Hərbi Qüvvələri (Spetsnaz) Sibirin Tomsk şəhərində dindaşlarımıza məxsus iki evdə reyd keçirdi. Onlar 83 yaşlı qadın da daxil olmaqla, təxminən 30 nəfər Yehovanın Şahidini nəzarətə aldı. Polis evlərdən şəxsi əşyaları və nəqliyyat vasitələrini müsadirə etdi, Yehovanın Şahidlərini avtobusa mindirdi və onları Ekstremizmlə Mübarizə Mərkəzinə apardı.

Mərkəzdə müstəntiq İvan Vedrençev, Aleksandr İvanov və Vyaçeslav Lebedev Yehovanın Şahidlərindən bəzilərini növbəti gün saat 14:00-a qədər sorğu-sual etdi. Müstəntiqlər məhbuslardan birinə işini itirəcəyinə dair hədə-qorxu gəldi. İstintaq zamanı Mərkəzə bir neçə dəfə təcili yardım gəldi və ən azı bir Yehovanın Şahidi xəstəxanaya qaldırıldı.

Məhbuslardan biri Sergey Klimov həbsdə saxlanıldı. 5 iyun 2018-ci il tarixində Tomskun Oktyabrski Rayon Məhkəməsi onu «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham edərək qərar verdi ki, o, 2018-ci il avqustun 4-nə kimi məhkəməyəqədərki həbsdə saxlanılsın. Hakim onu ev dustaqlığına salmaqdan və zaminliyə buraxmaqdan imtina etdi.

3 iyun 2018-ci il, Pskov şəhəri. Polis qüvvələri Pskov şəhərindəki Yehovanın Şahidlərinin yaşadığı çoxlu sayda evdə təkrar-təkrar reyd keçirdi. Bir evdə reyd keçirərkən həmin vaxt evdə olan hər kəs tutuldu və sorğu-sual edildi, onların arasında Yehovanın Şahidi olmayan iki nəfər qonaq da var idi. Qennadi Şpakovski də daxil olmaqla, bir neçə Yehovanın Şahidi Federal Təhlükəsizlik Xidmətinin (FSB) Pskov Regional Qərargahına aparıldı. Polis məntəqəsinə aparılanlardan bəzilərinə məcbur edildi ki, Qennadi Şpakovskiyə qarşı isbat irəli sürsünlər. Hakimiyyət nümayəndələri onu «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham edərək bir cinayət işi başlatdı. Daha sonra o, sərbəst buraxılsa da, rəsmilər istənilən vaxt ona qarşı ittiham irəli sürə bilər.

30 may 2018-ci il, Xabarovsk şəhəri. Polis İvan Pudyanın evinə soxulandan və axtarış aparandan sonra onu həbs etdi. Onlar onu həbs altında saxlamaq üçün Maqadana apardı. 1 iyun 2018-ci il tarixində Jeleznodorojnı Rayon Məhkəməsi onu «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham edərək qərar verdi ki, o, 2018-ci il iyulun 30-na kimi məhkəməyəqədərki həbsdə saxlanılsın.

30 may 2018-ci il, Maqadan şəhəri. Silahlı və maskalı polis dəstələri Maqadandakı şəxsi yaşayış yerlərində reyd keçirdi və Konstantin Petrovu, Yevgeni Zyablovu və Sergey Yerkini həbs altına aldı. 2018-ci il iyunun 1-də Maqadanski Şəhər Məhkəməsi onları «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham edərək qərar verdi ki, o, 2018-ci il iyulun 29-na kimi məhkəməyəqədərki həbsdə saxlanılsın.

Dmitri Mixaylov

29 may 2018-ci il, İvanovo vilayəti, Şuya şəhəri. Hökumət nümayəndələri Dmitri Mixaylovu ikinci dəfə həbsə saldı. Aprelin 20-də reyd keçirdikdən sonra polis onu «ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə» ittiham etdi. Mayın 29-da hakimiyyət nümayəndələri onu həmçinin «ekstremist fəaliyyəti maliyyələşdirməkdə» ittiham etdi. 3 iyun 2018-ci il tarixində Şuya Şəhər Məhkəməsi qərar verdi ki, o, 2018-ci il iyulun 19-na kimi məhkəməyəqədərki həbsdə saxlanılsın.

27 may 2018-ci il, Tatarıstan Respublikası, Naberejnıye Çelnı şəhəri. Gecə yarısı FSB agentləri on şəxsi yaşayış yerində axtarış apardı və elektron cihazları, telefonları və pasportları müsadirə etdi. İlham Kərimov, Konstantin Matrasov və Vladimir Myakuşin nəzarətə alındı. 29 may 2018-ci il tarixində Naberejnıyeçelnıski Rayon Məhkəməsi onları «ekstremist» təşkilatı təşkil etməkdə, ona üzv toplamaqda və onun fəaliyyətində iştirak etməkdə ittiham edərək qərar verdi ki, onlar 2018-ci il iyulun 25-nə kimi məhkəməyəqədərki həbsdə saxlanılsınlar. Daha sonra Aydar Yulmetyev də həbs edildi və 31 may 2018-ci il tarixində məhkəmə qərar verdi ki, o da məhkəməyəqədərki həbsdə saxlanılsın.

22 may 2018-ci il, Perm şəhəri. Aleksandr Solovyev həyat yoldaşı Anna ilə Moldovadan Permə geri qayıdanda polis işçiləri onları qatar stansiyasında qarşıladı, Aleksandr Solovyevi qandalladı, onun şəxsi əşyalarını müsadirə etdi və onların hər ikisini ayrı-ayrı nəqliyyat vasitəsində polis məntəqəsinə apardı. Aleksandr Solovyev nəzarət altında olarkən polis onun evində axtarış apardı və həyat yoldaşını sorğu-sual etdi. 24 may 2018-ci il tarixində Sverdlovski Rayon Məhkəməsi onu «ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə» ittiham edərək ev dustaqlığına məhkum etdi.

17 may 2018-ci il, Birobican şəhəri. Kod adı «Hökm günü» olan əməliyyatda 150 polis işçisi və FSB-nin üzvləri Yehovanın Şahidlərinə məxsus 22 evdə reyd keçirdi. Polis planşetlər, telefonlar və pul müsadirə etdi. Reydlər zamanı polis 34 Yehovanın Şahidlərindən biri olan Alam Aliyevi həbs etdi. Mayın 18-də Birobicanski Rayon Məhkəməsi onu «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham edərək qərar verdi ki, o, 2018-ci il iyulun 13-nə kimi məhkəməyəqədərki həbsdə saxlanılsın. 25 may 2018-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Apellyasiya Məhkəməsinin hakimi A. Sizova Alam Aliyevin apellyasiyasını təmin etdi və onun məhkəməyəqədərki həbsini ləğv etdi.

16 may 2018-ci il, Orenburq şəhəri. Polis işçiləri şəxsi evlərdə reyd keçirdi və axtarış apardı. Onlar üç Yehovanın Şahidini — Aleksandr Suvorovu, Vladimir Koçnevi və Vladislav Kolbanovu həbs etdilər. Mayın 18-də Promışlenni Rayon Məhkəməsi Vladislav Kolbanovu «ekstremist fəaliyyəti maliyyələşdirməkdə» ittiham edərək qərar verdi ki, o, ev dustaqlığında saxlanılsın. Növbəti gün eyni məhkəmə Aleksandr Suvorovu və Vladimir Koçnevi «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham edərək qərar verdi ki, onlar 14 iyul 2018-ci il tarixinə kimi məhkəməyəqədərki həbsdə saxlanılsınlar. Müstəntiq həmçinin başqa yeddi nəfər Yehovanın Şahidinə istintaq müddətində yaşadıqları şəhəri tərk etməyəcəklərinə dair sənəd imzalatdırdı.

Solda: Aleksandr Suvorov, sağda: Vladimir Koçnev

Beynəlxalq tənqidin təsiri olacaq?

Həm Avropa Birliyi (AB), həm də Birləşmiş Ştatlar Rusiyanın fundamental azadlıqlara etinasız yanaşdığını rəsmi şəkildə qınadı. AB Rusiyanı «din, inanc, ifadə və toplaşmaq azadlığı olan beynəlxalq öhdəliklərə hörmət etməyə» çağırdı. Üstəlik, Birləşmiş Ştatlar Rusiyanı xəbərdar etdi ki, «din və inanc azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısı dərhal azadlığa buraxılsın».

Yehovanın Şahidlərinin baş hüquq məsləhətçisi Filip Bramli deyir: «Bütün dünyadakı Yehovanın Şahidləri Rusiyadakı dindaşlarının üzləşdikləri ağır təqibə görə çox narahatdırlar. Bu gün Yehovanın Şahidləri kommunist rejimi altında yaşadıqları əzab-əziyyətin eynisini yaşayırlar. Rusiya hərəkətləri və davam etdirdiyi təqiblə fundamental insan hüquqlarına hörmət edəcəyinə dair verdiyi zəmanəti açıq-aydın heçə sayır».

Daha öncə həbsə salınan Yehovanın Şahidləri a

  • Dennis Kristensen

    45 yaş, Oryol şəhəri. 25 may 2017-ci il tarixində həbs edilib və 1 avqust 2018-ci il tarixinə kimi həbsdə saxlanılmasına qərar verilib.

  • Valentin Osadçuk

    42 yaş, Vladivostok şəhəri. 19 aprel 2018-ci il tarixində həbs edilib və 20 iyun 2018-ci il tarixinə kimi həbsdə saxlanılmasına qərar verilib.

  • Viktor Trofimov

    61 yaş, Polyarnı şəhəri. 18 aprel 2018-ci il tarixində həbs edilib və 11 oktyabr 2018-ci il tarixinə kimi həbsdə saxlanılmasına qərar verilib.

  • Roman Markin

    44 yaş, Polyarnı şəhəri. 18 aprel 2018-ci il tarixində həbs edilib və 11 oktyabr 2018-ci il tarixinə kimi həbsdə saxlanılmasına qərar verilib.

  • Anatoli Vilitkeviç

    31 yaş, Ufa şəhəri. 10 aprel 2018-ci il tarixində həbs edilib və 2 iyul 2018-ci il tarixinə kimi həbsdə saxlanılmasına qərar verilib.

a Ətraflı məlumat üçün jw.org saytında Xəbərlər bölməsində yerləşən «Rusiyadakı Yehovanın Şahidlərinə qarşı terror kampaniyası başlayır» adlı məqaləyə baxın.