Kontentə keç

1955-ci ildə Salvadorda filial; (şəkil) Salvadordakı dövlət qəzetində Yehovanın Şahidləri Assosiasiyası barədə yazılmış sözlər

23 MART 2022
SALVADOR

Salvadorda Yehovanın Şahidləri rəsmi tanınmalarının 50 illiyini qeyd edir

Salvadorda Yehovanın Şahidləri rəsmi tanınmalarının 50 illiyini qeyd edir

2022-ci ilin martında Yehovanın Şahidlərinin Salvadorda rəsmi tanınmalarının 50 illiyidir. 1972-ci il martın 27-si dövlət qardaşlarımızı rəsmi olaraq tanıdıqdan sonra Salvadorda təbliğçilərin sayı sürətlə artdı. Belə ki, 1972-ci ildə təbliğçilərin ən yüksək sayı 2524 nəfər idisə, 1976-cı ildə 5632 nəfər oldu. Hazırda 662 yığıncaqda 38 000-dən çox təbliğçi xidmət edir.

Salvadorda xidmət edən ilk xüsusi təyinatlı müjdəçilərdən bəziləri, soldan sağa: Tayra Mils, Vivian Ul, Jin Anvin, Evelin Trabert və Mildres Olsen

1945-ci ildə Salvadora xüsusi təyinatlı müjdəçilər gəldi və orada fəal surətdə təbliğ etməyə başladılar. Həmin vaxt onlara ölkədə qalmaq üçün asanlıqla rəsmi icazə verilirdi. Yığıncaqlar yaranırdı, 1946-cı ilin mayında isə filial təsis olundu.

1968-ci ildə miqrasiya ilə bağlı yeni qanun qəbul olundu. Qanuna əsasən, xüsusi təyinatlı müjdəçilər ölkədə beş ildən artıq qala bilməzdilər. Qardaşlar başa düşürdülər ki, bu, təbliğ işinə mənfi təsir göstərə bilər. Buna görə məsul qardaşlar dövlət tərəfindən rəsmi tanınmaq üçün tədbir görməyə başladılar.

1971-ci ilin sonunda bu məsələni müzakirə etmək üçün filiala təxminən 30 ağsaqqal dəvət olundu. Bu görüşdə sonralar filial komitəsinin üzvü olan Baltasar Perla qardaş bütün ağsaqqallardan dövlətin verdiyi şəxsiyyət vəsiqəsini istədi. Sonra ağsaqqallara bildirdi ki, onların adı və ünvanı rəsmi tanınmaq üçün dövlətə verilən yazılı müraciətdə qeyd olunacaq.

Həmin görüşdə olan ağsaqqallardan biri, Xuan Antonio Flores deyir: «Baltasar qardaş izah etdi ki, əgər fəaliyyətimiz qadağan olunsa, ilk olaraq bizi tutub həbs edəcəklər, çünki həmin sənəddə adımız və ünvanımız qeyd olunub». Baltasar qardaş təklif etdi ki, kim qorxursa, sənədini geri ala bilər. Heç kəs sənədini geri istəmədi. Xoşbəxtlikdən, dövlət fəaliyyətimizə qarşı çıxmadı və heç kəs həbs olunmadı.

Plan uğurla həyata keçdi və növbəti il Yehovanın Şahidlərinin Assosiasiyası rəsmən tanındı. O vaxtdan xüsusi təyinatlı müjdəçilər yenidən ölkədə daimi yaşamaq üçün icazə ala bildilər. Bundan başqa, filialın ölkəyə ədəbiyyat gətirməsi, qardaşların məktəbdə və dövlət məmurları qarşısında bitərəf mövqelərini müdafiə etməsi asanlaşdı.

1972-ci il aprelin 26-sı Salvadorun dövlət qəzetində rəsmi tanınmanın əsas məqsədi barədə yazılmışdı: «Müqəddəs Kitab təlimlərini və Allahın Padşahlığı haqda müjdəni təbliğ etmək, Küll-İxtiyar Yehova Allahın adına, kəlamına və ali hakimiyyətinə şahidlik etmək».

Bu sözlərin yazılmasından artıq onilliklər keçib. Bütün bu müddət ərzində Salvadordakı Yehovanın Şahidləri sədaqətlə bu məqsədi həyata keçirirlər (Əşiya 25:9).