2 İYUN 2023
SLOVAKİYA
«Mətta» bölməsi qaraçı dilində (Şərqi Slovakiya) işıq üzü gördü
27 may 2023-cü il tarixində Çexoslovakiya filial komitəsinin üzvü Yaroslav Sekela qardaş Şərqi Slovakiyanın Mixalovtse şəhərində keçirilən xüsusi görüşdə qaraçı dilində (Şərqi Slovakiya) Müqəddəs Kitabın «Mətta» bölməsinin işıq üzü gördüyünü elan etdi. Tədbirdə iştirak edənlərin hamısına kitabın çap olunmuş nüsxəsi paylandı. Kitab elektron formatda da mövcuddur.
Qaraçı dili benqal, hind və pəncab dili ilə qohum dildir. Bu dildəki sözlərin çoxu qaraçıdilli insanların məskunlaşdığı bölgələrdə danışılan müxtəlif dillərdən götürülüb. Buna görə də Şərqi Slovakiyada danışılan qaraçı dilinin lüğətində müəyyən fərqlər var. Tərcümə qrupu layihə üzərində işləyərkən bu fərqləri nəzərə almışdı.
Qaraçı dilində Müqəddəs Kitabın başqa bir tərcüməsi mövcuddur. Amma orada Allahın adının yerinə «Rəbb» və «Allah» mənasını verən «o Raj» və «o Del» sözləri istifadə olunub. Üstəlik, bir çox ayələr sərbəst tərcümə olunub, ona görə də oxucuya orijinal mətnin çatdırdığı fikri başa düşmək çətindir. Bu yeni tərcümə olunmuş kitabda isə Allahın adı yazılıb və aydın dildən istifadə olunub.
Layihə üzərində işləmiş bir tərcüməçi deyir: «Müqəddəs Kitabı tərcümə edərkən Allahın xəbərini düzgün çatdırmaq çox vacibdir. Çünki bu, insanlara Allahı tanımağa və sevməyə kömək edə bilər».
Başqa bir tərcüməçi deyir: «Qaraçı xalqı tez-tez ayrı-seçkiliklə üzləşir. Ona görə də Mətta 10:31 ayəsindəki sözlər onlara xüsusilə təskinlik verir. Bu ayə bizə xatırladır ki, Yehova Müqəddəs Kitabın yazıldığı dövrlərdə insanların çox az dəyər verdiyi sərçələrin belə qayğısına qalırdı. Biz isə Onun üçün sərçələrdən qat-qat dəyərliyik».
Əminik ki, bu yeni tərcümə bundan sonra da Yehovanın məhəbbəti və qayğısı haqda öyrənməyə kömək edəcək (1 Butrus 5:7).