20 DEKABR 2021
SLOVENİYA
Sloven dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri buraxıldı
18 dekabr 2021-ci il tarixində sloven dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri buraxıldı. Xüsusi nitqlə Rəhbərlik Şurasının üzvü Qerit Löş çıxış etdi. Proqram əvvəlcədən yazıya alınmışdı və ona təxminən 2000 adam baxdı. Kitab hələ ki elektron formatdadır. Onun çap versiyası 2022-ci ildə buraxılacaq.
Sloven dilində tam Müqəddəs Kitabın ilk tərcüməsi 1584-cü ildə işıq üzü görmüşdü və «Dalmatinin Müqəddəs Kitabı» adlanırdı. Bu günədək həmin tərcümənin 80 nüsxəsi gəlib çıxıb. Onlardan biri Yehovanın Şahidlərinin Ümumdünya Baş İdarəsinin (ABŞ, Nyu-York ştatı, Vorvik) Müqəddəs Kitab muzeyində saxlanılır.
1925-ci ildə Frants Brand, Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçısı, işlədiyi bərbərxanada (Sloveniya, Maribor şəhəri) təbliğ etməyə başladı. Elə həmin il kiçik qrup yarandı. Onlar yığışıb Müqəddəs Kitabı müzakirə edirdilər. 1930-cu ildə Sloveniyadakı Müqəddəs Kitab Tədqiqatçıları ölkədə maarifləndirmə işinin irəli getməsi üçün idarə açdılar. 2009-cu il nəşrlərimizin bu dilə tərcüməsində tarixi il oldu. Belə ki, həmin il Rəhbərlik Şurasının üzvü Samuel Hörd Lüblyana şəhərində keçirilmiş vilayət toplantısında «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi.
İkinci Dünya müharibəsi zamanı və sonrakı illərdə Sloveniyada Yehovanın Şahidlərini əvvəlcə nasistlər, daha sonra isə yerli hakimiyyət qəddarcasına təqib edirdi. Bu müddət ərzində dindaşlarımızı həbsə atırdılar, bəziləri hətta edam edilmişdi. 1953-cü ildə Yehovanın Şahidlərinin din azadlığı hüququ rəsmən tanınanda vəziyyət yaxşılaşdı. Bu gün Sloveniyada 1757 təbliğçi var.
Biz əminik ki, Sloveniyadakı bacı-qardaşlar Qerit Löş qardaşın nitqində dediyi sözlərinə şərikdirlər: «Bu Müqəddəs Kitabdan məharətlə istifadə etməyi öyrənin və qoy onun qüdrəti hamıya bəlli olsun... Sloven dilində “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi”nin [yenidən baxılmış] nəşri sizə “Allahın etibara layiq [sözündən]” ikiəlli yapışmağa kömək edəcək» (Titusa 1:9).