3 AVQUST 2023
SUDAN
Ruhani qida Sudanda zorakılıqla üzləşən bacı-qardaşları möhkəmləndirir
12 may 2023-cü il tarixində jw.org saytının «Xəbərlər» bölməsində qeyd olunduğu kimi, Sudanın paytaxtı Xartumda iki silahlı dəstə arasında gedən atışmada yüzlərlə insan həlak oldu və ya yaralandı. Xartumda və ya yaxınlıqda yaşayan bəzi dindaşlarımız şəhərdən qaçmaq qərarına gəldi. Onlar Yehovanın təşkilatının təmin etdiyi nəşrlərdən və ibadət görüşləri sayəsində güc tapıb ruhlana bildilər.
Məsələn, döyüş başlayandan bir neçə gün sonra Xartumda yaşayan və öncül kimi xidmət edən 23 yaşlı Ajuja bacı onlayn görüşə qatılmışdı. Həmin görüşdə «Gözətçi qülləsi» jurnalında yer alan «Ayıq durun» adlı məqalə müzakirə olunurdu. Bacı deyir: «Bu məqalə mənə xatırlatdı ki, indi ətrafımızda baş verənlərin hamısı yerinə yetən Müqəddəs Kitab peyğəmbərlikləridir. Həmin vaxt mənə lazım olan təsəlli məhz bu idi». Vəziyyət pisləşəndə Ajuja bacı şəhərdən qaçmaq qərarına gəlmişdi. O deyir: «Yol boyu nəğmələrimizə və digər audioyazılara qulaq asaraq özümü möhkəmləndirdim. Yehovaya dua edirdim ki, sağ-salamat çataq». Ajuja bacı heç bir xətər dəymədən Kassalada yaşayan qardaşı və bacılarının yanına çatdı.
Xartum şəhərinin yaxınlığındakı Əl-Hac Yusifdə yaşayan, ağsaqqal və öncül kimi xidmət edən 24 yaşlı Eli adlı qardaş Kosti şəhərinə qaçmaq üçün təxminən 330 kilometr yol qət etmişdi. Bacı-qardaşlar onu həm qarşıladılar, həm də ərzaq və yaşayış yeri ilə təmin etdilər. Eli sonradan başa düşdü ki, köç etdiyi həftədə oxuduğu günün ayələri ona möhkəm qalmağa kömək edib. Məsələn, Zəbur 91:2 ayəsi Eliyə xatırlatdı ki, Yehova onun pənahgahı və istehkamıdır. O bölüşür: «Bu qarmaqarışıq dünyada sülhdən əsər-əlamət yoxdur. Siyasi və hərbi liderlər dünyadakı problemləri həll etməkdə acizdirlər. Biz isə bütün problemlərimizi həll etməyə qadir Allahın Padşahlığına ümid bağlamışıq».
Xartum şəhərinin yaxınlığındakı Omdurmanda yaşayan Tia və arvadı Julia öncül kimi xidmət edirlər. Onlar münaqişə kəskinləşən ərəfədə «Gözətçi Qülləsi» jurnalındakı məqaləni nəzərdən keçirdilər. Bu məqalə məsihiləri verdiyi qərarları dərhal həyata keçirməyə təşviq edirdi. Vəziyyətin getdikcə pisləşdiyini görən Tia və Julia cəld hərəkətə keçib şəhəri tərk etmək qərarına gəldilər. Başqa əraziyə sağ-salamat çatdıqdan və bacı-qardaşlar tərəfindən məhəbbətlə qarşılandıqdan sonra onlar bu məqalədəki məlumatların faydasını daha aydın hiss etdilər. Julia deyir: «Məhəbbətin qaynadığı bu təşkilatda olduğum üçün çox sevinirəm. Doğrudan da Yehovanın əli xilas etmək üçün zəif deyil».
Yuxarıda adları çəkilən bacı-qardaşların gəldikləri yeni ərazidə ruhani işlərini dərhal bərpa etmələri diqqətəlayiq məqamdır. Onlar ibadət görüşlərində iştirak edir, təbliğ edir, hətta Müqəddəs Kitab dərslərinə başlayırlar. Bütün bunlar bacı-qardaşları yeni yığıncaqlarında bir-birlərinə yaxınlaşdırır və onlara sevincli qalmağa kömək edir.
Sudandakı bacı-qardaşların Yehova ilə vəhdətdə qaldığını və Onun Kəlamından təsəlli tapdığını görmək bizi sevindirir (Romalılara 15:4, 5).