4 MAY 2020
SYERRA-LEONE
Krio dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edilib
Buraxılış proqramı Syerra-Leonedə tele- və radioyayım vasitəsilə təqdim olunub
26 aprel 2020-ci il tarixində krio dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edildi. Syerra-Leonedə krio dilində danışan 2000-dən çox təbliğçi bu xəbəri böyük sevinclə qarşıladı.
Koronavirus pandemiyasına görə kütləvi tədbirlərin keçirilməsi qadağan olunduğu üçün İncilin buraxılışı ilə əlaqədar hamının bir məkanda toplaşmasını təşkil etmək mümkün deyildi. Xüsusi nitqi internet vasitəsilə də yayımlamaq mümkün deyildi, çünki Syerra-Leonedə bir çox təbliğçilərin, xüsusilə də kiçik şəhərlərdə yaşayanların elektron cihazları yoxdur.
Syerra-Leonedə təbliğ işinə Liberiya filialı nəzarət edir. Rəhbərlik Şurasının Təlim komitəsinin icazəsi ilə Liberiya filial komitəsi İncilin qısa buraxılış proqramının çəkilişini etdi. Təbliğçilərə məlumat verildi ki, televiziya və radio vasitəsilə xüsusi proqram yayımlanacaq, lakin bunun İncilin buraxılışı ilə bağlı olduğu açıqlanmadı.
Xüsusi proqrama bir neçə gün qalmış yeni İncil bağlı zərflərdə təbliğçilərin evlərinə çatdırıldı. Zərfə əlavə edilən göstərişdə deyilirdi ki, onu xüsusi proqramdan sonra açmaq olar.
Syerra-Leoneyə təbliğçilərə tələbatla əlaqədar köçmüş Meqan Diaz bacı deyir: «Müqəddəs Kitab dərsi keçdiyim bir qadın mənə zəng edib dedi ki, nitqə qulaq asdı və çox xoşbəxtdir ki, Yehova onlara bu İncili verib! Sabah Müqəddəs Kitab dərsimizdə ondan istifadə edəcəyik».
Tounkara adında bir kişi Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənir. Onun doğma dili krio dilidir. O deyir: «İncilin krio dilinə tərcümə edilməsi açıq-aydın göstərir ki, Yehova hər bir insanın Onun xəbərini eşitməsini istəyir. Və Onun niyyəti odur ki, biz onu yalnız özümüz öyrənməyək, həm də yaxşı başa düşək ki, uşaqlara da izah edə bilək. Mən çox şadam ki, bu tərcümə bizim dildə də çıxıb!»
Krio ingilis dili ilə kreol dilinin qarışığıdır. Syerra-Leonedə əksər insanlar bu dildə danışır. Krio dilinə İncili dörd nəfər iki il yarım müddətinə tərcümə edib. Bazar ertəsi, aprelin 27-dən bu İncili elektron formatda jw.org saytından yükləmək olur.
Syerra-Leonedəki bacı-qardaşlarımız kimi, biz də bu yeni İncilə görə Yehovaya ürəkdən minnətdarıq. Bu, səmavi Atamız Yehovadan daha bir «gözəl pay» və «kamil nemət»dir (Yaqub 1:17).