Kontentə keç

31 DEKABR 2021
TAİLAND

75 ildir tai dilində «Gözətçi qülləsi» dərc edilir

«Yehovaya güvənin, canla-başla çalışın və tərcüməçi tapacaqsınız»

75 ildir tai dilində «Gözətçi qülləsi» dərc edilir

2022-ci il yanvar ayının 1-i «Gözətçi qülləsi» jurnalının tai dilində buraxılışının 75 ili tamam olur.

Tailandda müjdə 1931-ci ildən təbliğ olunur. Təbliğ işinin ilk çağlarında bacı-qardaşlar çin, ingilis və yapon dillərində minlərlə nəşr paylamışdılar. O vaxt tai dilinə yalnız «Müdafiə» broşürü tərcümə olunmuşdu.

Tailanda başqa ölkələrdən gələn üç öncül qardaş başa düşdü ki, müjdə insanların ürəyinə yol tapsın deyə tai dilində daha çox ədəbiyyat lazımdır. Villi Unqlaube Ruterford qardaşa məktub yazıb kömək istədi. Qardaş ona cavab verdi: «Yehovaya güvənin, canla-başla çalışın və tərcüməçi tapacaqsınız».

1939-cu ilin dekabr ayında Kurt Qruber və Villi Unqlaube Tailandın şimalında təbliğ edirdilər. Çianqmay Presviterian Qızlar Məktəbinin direktoru Çomçay İntapanın əlinə qardaşların payladığı bir nəşr düşdü. Nəşr ingilis dilində idi. İngilis və tai dillərini mükəmməl bilən Çomçay həqiqəti tapdığını dərhal anladı.

Çomçay İntapan

Təqiblərə və əlverişli iş təklifinə baxmayaraq, Çomçay məktəbdən və kilsədən çıxdı və Yehovanın Şahidi kimi vəftiz olundu. Onun tərcümə etdiyi ilk kitab «Xilas» kitabı oldu. Çomçay Banqkokda yerləşən Beyteldə xidmət etməyə başladı. O, uzun illər tai dilinə tərcümə edən yeganə tərcüməçi idi. Bir müddət sonra tərcümə işində ona həqiqəti qəbul edən başqa yerli qadınlar da qoşuldu.

İkinci Dünya müharibəsi başlayanda tərcümə işində fasilə yarandı. Müharibənin bitməsindən çox keçməmiş tərcümə işi bərpa edildi. «Gözətçi qülləsi»nin 1947-ci il yanvar sayı tai dilinə tərcümə edildi. Mimeoqrafın köməyi ilə xüsusi təyinatlı müjdəçilərin yaşadığı evdə jurnalın 200 nüsxəsi çap edildi. Bu üsulla «Gözətçi qülləsi» 1952-ci ilədək çap edilirdi. Həmin vaxt jurnalın aylıq tirajı 500 nüsxəyə çatmışdı. Sonra qardaşlar özəl şirkətin xidmətlərindən istifadə etməyə başladılar. 1993-cü ilin sentyabr ayından tai dilində «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları Yaponiya filialımızda çap edilir. Oradan jurnallar dünyanın hər bir yanına çatdırılır.

Tai və tai jest dillərində çıxan nəşrlərimizin üzərində işləyən qrup

Hal-hazırda Tailand filialında və iki Tərcümə ofisində 80-ə yaxın bacı-qardaş xidmət edir. Tai dilindən əlavə, «Gözətçi qülləsi» akxa, lahu, Laos və tai jest dillərinə tərcümə olunur.

Tailand filialının nəzdində olan ərazilərdə 5000-dən çox təbliğçi xidmət edir. Onlar doğma dillərində çıxan «Gözətçi qülləsi»nə görə Yehovaya ürəkdən minnətdardırlar (Məsəllər 10:22).