Kontentə keç

24 FEVRAL 2020
TAİLAND

Xüsusi kampaniya zamanı minlərlə Tailand sakini xoş xəbəri eşitdi

Xüsusi kampaniya zamanı minlərlə Tailand sakini xoş xəbəri eşitdi

2019-cu il dekabrın 1-dən 2020-ci il yanvarın 31-dək 11 ölkədən taidilli yığıncaq və qruplarda xidmət edən bacı-qardaşlar xüsusi təbliğ kampaniyasında iştirak etmək üçün Tailanda gəlmişdilər. Kampaniyanın məqsədi təxminən 4800 yerli taidilli təbliğçiyə paytaxt Banqkokda və onun ətrafında yaşayanlara xoş xəbəri çatdırmaqda kömək etmək idi. Kampaniyaya 600-dən çox təbliğçi qatılmışdı. Onlar ümumilikdə 34625 saat təbliğ etmiş, 32718 ədəd nəşr paylamış, 6637 video göstərmiş və 310 Müqəddəs Kitab dərsinə başlamışlar.

Bu, son iki ildə Tailandda keçirilmiş ikinci təbliğ kampaniyası idi. Birinci kampaniya 2018-ci ilin dekabr ayından 2019-cu ilin yanvar ayınadək baş tutmuşdu. Kampaniyadan sonra Tailand filial komitəsinin üzvü Plakorn Pestanye qeyd edib: «Xeyli insan Müqəddəs Kitabı öyrənməyə başlamış və kampaniyanın yerli yığıncaqlara göstərdiyi müsbət təsir gözlədiyimizdən də böyük olmuşdu». Birinci kampaniyanın uğurlu keçməsi filialı ikinci kampaniyanı təşkil etməyə təşviq etdi.

Sonuncu kampaniya zamanı xaricdən gəlmiş bəzi təbliğçilər daha çox insana Yehova haqqında öyrənməyə kömək etmək üçün öz ölkələrinə qayıdışı təxirə salmışlar. Koreyadan olan bir ər-arvad əvvəl-əvvəl Tailandda bir ay qalmağı planlaşdırırdı. Ancaq çoxlu insanın xoş xəbərə hay verdiyini görəndə onlar iki həftə artıq qaldılar. Koreyadan olan və kampaniyada iştirak etmək üçün işindən çıxan başqa bacı isə Tailanda köçmək qərarına gəldi.

Kampaniya çox səmərəli keçdi. İki təbliğçi — bir bacı və onun qızı bir qadınla ilk dəfə onun iş yerində söhbət etmiş və ona «Oyanın!» jurnalının «Tərbiyədə altı qızıl qayda» adlı 2019-cu ilin ikinci sayını vermişdilər. Bacılar ikinci dəfə qadının yanına gələndə o, əlində tutduğu həmin jurnalı yelləyərək onları sevinclə qarşıladı. Qadın dedi: «Necə də gözəl jurnaldır! Xahiş edirəm, mənə bu haqda daha çox danışın». Təbliğçilər həftədə bir dəfə qadının iş yerində fasilə zamanı ona Müqəddəs Kitab dərsi keçməyə başladılar. Onlar qadına həm də «JW Library» tətbiqini yükləməyə kömək etdilər. O, Müqəddəs Kitabı həftədə iki dəfə öyrənməyə davam edir və böyük məmnuniyyətlə öz uşaqlarına müxtəlif videolar, məsələn, qələm animasiyaları göstərir.

Başqa bir təbliğçi Yehovanın Şahidlərinin səliqəli geyindiklərinə və mehriban davranışına heyran olan bir qadına rast gəldi. Qadın dost axtarışında müxtəlif kilsələri gəzsə də, dost tapa bilmədiyini dedi. Təbliğçilər onu həmin gün keçirilən yığıncaq görüşünə dəvət etdilər. Qadın dəvəti qəbul etdi və yığıncağa gəldi. Yığıncaqda o, müxtəlif mədəniyyətlərdən olan bacı-qardaşlarla tanış oldu. Qadın onlara heyran qaldı. Ona «İlahi müjdə» broşürundan dərs keçməyə başladılar və o, bundan sonra da yığıncaqlara gəlmək niyyətindədir.

Bir bacı Banqkokun Banq-Na rayonunda yaşayan orta yaşlı qadına rast gəldi. Qadın dedi ki, keçmişdə kilsəyə getsə də, onun Müqəddəs Kitabı yoxdur. Bacının köməyi ilə qadın «JW Library» tətbiqini və Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni yüklədi. Təbliğçilər növbəti dəfə qadına baş çəkəndə o, təzəlikcə yüklədiyi tətbiqdə Müqəddəs Kitabı oxuduğunu dedi. Bacılar ona «İlahi müjdə» broşürunun arxasındakı sualları göstərib onları bir-bir oxudular. Qadın onların hamısının cavabını bilmək istədiyini dedi. Bacılar qadına Müqəddəs Kitab dərsi keçməyə başladılar. İndi ona yerli bacı dərs keçməyə davam edir. Qadın dedi ki, bu dərslər onun çox xoşuna gəlir, çünki indi o, həyatında ilk dəfədir ki, özü Müqəddəs Kitabı araşdıra və Allah haqqında öyrənə bilir.

Ev-ev xidmət zamanı bacı ər-arvada rast gəldi. Kişinin yoldaşı Laosdandır. Bacı həyatda nəyin daha vacib olduğunu soruşdu. Ər-arvad: «Ailə», — deyə cavab verdilər. Bacı onlarla «İlahi müjdə» broşürundan ailə mövzusunu müzakirə etdi. Ər-arvad dərsdəki məsləhətlərin keçərli olduğu ilə razılaşdı və təklif olunan Müqəddəs Kitab dərslərini qəbul etdi. Bir müddət sonra onlar yığıncaq görüşünə gəldilər. Mehriban ab-hava ər-arvadın çox xoşuna gəldi. Onlar bundan sonra da yığıncaqlara gəlmək istəyirlər.

Tailanddakı təbliğ kampaniyası zamanı baş vermiş bu və digər hadisələr axırzamanda Yehovanın xalqının işinin hələ çox olduğunu göstərir (1 Korinflilərə 15:58).