Türkiyədəki Yehovanın Şahidləri barədə qısa məlumat
Yehovanın Şahidləri Türkiyədə 1931-ci ildən təbliğ edirlər. 1980-ci illərin sonunadək onlar təqib olunurdular. Sonrakı illərdə hökumət Yehovanın Şahidlərinə qarşı mövqeyini bir qədər yumşaltdı və onlara dini fəaliyyətlə məşğul olmağa icazə verdi, amma rəsmi dövlət qeydiyyatından keçirməyə razı olmurdu. Türkiyə məhkəmələrində qazanılan qələbələrdən sonra 2007-ci ilin iyulunda vəziyyət dəyişdi və Yehovanın Şahidlərinə rəsmi qeydiyyat verildi. Bu gün Yehovanın Şahidləri müəyyən dərəcədə azad şəkildə ibadət edir və dini fəaliyyətlə məşğul olurlar.
Bununla belə, Türkiyə hökuməti əqidəyə görə hərbi xidmətdən imtina hüququnu tanımır. Uzun illərdir əqidəsinə görə hərbi xidmətdən imtina edən Yehovanın Şahidləri hərbi xidmətə çağırılır, cinayət məsuliyyətinə cəlb olunur, böyük məbləğdə cərimə olunur və həbslə üzləşirlər. 2011-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Yehovanın Şahidlərinin xeyrinə üç qərar qəbul edib. 2012-ci ildə isə BMT-nin İnsan Hüquqları Komitəsi bu məsələ ilə bağlı Yehovanın Şahidlərinin lehinə qərar çıxardı. Buna baxmayaraq, Türkiyə hökuməti hərbi xidmətdən imtina edən gənc Yehovanın Şahidlərini təqib etməyə davam edir.
2003-cü ildə Türkiyə hökuməti bələdiyyə qanunlarına dəyişikliklər etdi. Bu dəyişiklər sayəsində ölkədə azlıq təşkil edən qeyri-müsəlman dini icmalarına ibadət üçün binalar almağa və tikməyə icazə verildi. Amma praktikada bələdiyyə nümayəndələri və yerli məhkəmələr Yehovanın Şahidlərinə məxsus yerlərə «ibadət evi» statusu verməkdən davamlı şəkildə imtina edir. Bu məsələ ilə bağlı AİHM-ya iki ərizə verilib. Bu ərizələrə hələ baxılmayıb.