Kontentə keç

Eziz Atabayev həbsxanadan çıxandan sonra

14 YANVAR 2021
TÜRKMƏNİSTAN

«Bu sınaqdan Yehovanın köməyilə çıxdım»

«Bu sınaqdan Yehovanın köməyilə çıxdım»

Türkmənistanda əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün iki il müddətinə həbsə məhkum edilmiş Eziz Atabayev bu sınağa sədaqətlə dözdü. Onu 19 dekabr 2020-ci il tarixində həbsdən azad etdilər. Son on il ərzində bu ölkədə 46 qardaş əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün həbsə məhkum edilib.

Eziz qardaş 2016-cı ildə hərbi xidmətə çağırılmışdı. Əqidəsinə görə o, hərbi xidmət keçməkdən imtina etdi. Onun işini şəhər prokurorluğuna göndərdilər. Təxminən iki ildən sonra onu məhkəməyə çağırdılar. Məhkəmənin 19 dekabr 2018-ci il tarixli qərarı ilə Eziz ikiillik həbsə məhkum edildi.

Eziz deyir: «Həbsxanaya düşməzdən əvvəl eyni vəziyyətlə üzləşmiş və həbsxanada olmuş bir çox qardaşlarla danışdım və orada nə ilə üzləşə biləcəyim haqda soruşdum. Nəşrlərimizdə dərc edilmiş həyat hekayələrini və Müqəddəs Kitabdan ruhlandırıcı fikirlər oxudum.

Məhkəmə günü bir qardaş mənə Əşiya 30:15 ayəsini göstərdi. Orada deyilir: “Sakitlik və etibar sizin gücünüz [olacaq]”. Bu ayə mənə həmişə sakitliyi qorumağa və hər şeydə Yehovaya güvənməyə kömək etdi. Bu ayə üzərində düşünmək mənə bütün həbs müddəti ərzində kömək etdi».

Həbsxanada həyat ağır olsa da, Eziz üçün ən böyük çətinlik ailəsindən ayrı olması idi. O davam edir: «Həbsxanada başqa qardaşlar da var idi. Biz yaxından dostlaşdıq. Ailəm və dostlarım üçün çox darıxırdım, amma bu qardaşların sayəsində həsrət hissinə dözdüm».

Eziz şahidlik vermək fürsətini əldən vermirdi. O danışır: «Əvvəl-əvvəl mən təbliğ edəndə bəzi məhbuslar qulaq asmaq istəmirdi. Amma sonra fikirlərini dəyişdilər. Yeni gələn məhbuslar da əvvəl-əvvəl qulaq asmayanda köhnə məhbuslar mənim tərəfimi tuturdular və özləri yenilərə təbliğ edirdilər».

Gələcək sınaqlara hazırlaşmaqla əlaqədar Eziz deyir: «Mən tövsiyə edərdim ki, dərin şəxsi mütaliə keçirsinlər və Yehova ilə duada açıq danışsınlar. Yehovaya sizi narahat edən hər şey barədə, hissləriniz və qorxularınız barədə danışın.

Bu sınaqdan Yehovanın köməyilə çıxdım. Şübhə etmirəm ki, Yehova mənə yenə kömək edəcək. Gələcək sınaqlardan qorxmuram» (Zəbur 118:6).