11 FEVRAL 2021
TÜRKMƏNİSTAN
Nazar Alliyev bir il müddətinə həbsə məhkum edilib
Hökm
10 fevral 2021-ci il tarixində türkmən məhkəməsinin qərarı ilə əqidəsinə görə hərbi xidmətdən imtina edən Nazar Alliyev bir il müddətinə həbsə məhkum edilib.
Qardaş barədə məlumat
Nazar Alliyev
Doğulduğu il: 2000 (Lebap vilayəti)
Bioqrafiya. Ailədə üç uşaqdırlar. Onlar anaları ilə birgə Türkmənabad şəhərində yaşayır. Voleybol və futbol oynamağı sevir. Onda iki cür ürək xəstəliyi aşkar edilib. Ailəsinə maddi cəhətdən kömək etmək üçün bərbər işləyir.
Müqəddəs Kitaba məhəbbəti ona anası aşılayıb. 2015-ci ildə 14 yaşında vəftiz olunub. Onu şən, səxavətli və təvazökar gənc kimi tanıyırlar. Ailəsi bitərəf mövqeyini dəstəkləyir.
Cinayət işi haqda məlumat
16 may 2020-ci il tarixində Nazarı hərbi komissarlığa apardılar. Hərbçilər zorla ona hərbi forma geyindirməyə çalışdılar, lakin o imtina etdi. (Əgər o, forma geyinsəydi, bununla hərbi xidmətə qoşulduğunu göstərəcəkdi.) Mayın 28-i Nazar yenidən hakimiyyət nümayəndələri ilə görüşdü və yenə də hərbi xidmət keçməkdən imtina etdi. Növbəti ay Nazar rayon hərbi komissarlığına məktub yazaraq dini əqidəsini izah etdi.
4 yanvar 2021-ci il tarixində Nazar anası ilə birgə Xocambaz rayonunun prokurorluğuna getdi. Nazar hərbi xidmətdən imtina etməsinin səbəblərini izah etdi və ona alternativ mülki xidmət təqdim etməyi xahiş etdi. Buna baxmayaraq, müstəntiq onun barəsində cinayət işinin açılacağını dedi.
İndi 20 yaşı olan Nazar deyir: «Bu kimi vəziyyətlərdə Yehovaya bel bağlayanda O, bizə qəlb rahatlığı verir. Yehovanın köməyilə təmkinlə danışa bilirsən...
Həyatımda baş vermiş hadisələri yadıma salanda başa düşürəm ki, Yehova həmişə mənə dayaq olub. Bu, məni əmin edir ki, O, gələcəkdə də mənə kömək edəcək».
Türkmənistan alternativ mülki xidmət təqdim etmir. Əqidələrinə görə hərbi xidmətdən imtina edən qardaşlar iki ilədək həbsə məhkum edilir. Hal-hazırda bu ölkədə 15 gənc qardaş bitərəf mövqeyinə görə həbsdədir.
Biz bilirik ki, Yehova Nazarı və Türkmənistandakı digər gənc qardaşları tərk etməyəcək (Zəbur 18:25).