11 YANVAR 2021
TÜRKMƏNİSTAN
Ruslan Artıkmıradov ikinci dəfə həbsə məhkum edilə bilər
Qərarın elan ediləcəyi tarix
Tezliklə a Türkmənistan hərbi məhkəməsi Ruslan Artıkmıradovun işi üzrə öz qərarını elan edəcək. Əqidəyə görə hərbi xidmətdən imtina etdiyi üçün o, iki ilədək müddətə həbsə məhkum edilə bilər. Ruslan 15 dekabr 2020-ci il tarixindən həbsdə saxlanılır. O, bitərəf mövqeyinə görə ikinci dəfə həbs oluna bilər.
Qardaş barədə məlumat
Ruslan Artıkmıradov
Doğulduğu il: 2000 (Alpan Gengeşlik kəndi)
Bioqrafiya. Ruslan kənd ərazisində böyüyüb. Avtomobil təmiri sexində işləyib. Məktəbi yaxşı oxuyub. Futbol oynamağı sevir.
Müqəddəs Kitab prinsipləri ilə yaşamağı anası öyrədib. Yehovanın Şahidləri arasında hökm sürən məhəbbət və birlik ona təsir edib. 2015-ci ildə 15 yaşında vəftiz olunub. Yehova Allaha məhəbbət onu hərbi xidmət keçməkdən imtina etməyə təşviq edib.
Cinayət işi haqda məlumat
13 avqust 2018-ci il tarixində, o vaxt 18 yaşı olan Ruslan hərbi xidmətdən imtina etdiyinə görə bir il müddətinə həbsə məhkum edildi. 12 avqust 2019-cu il tarixində — bu müddət bitəndə o azad edildi.
Türkmənistan qanunlarına əsasən, gənc oğlan əqidəyə görə hərbi xidmətdən imtina edirsə, iki dəfə həbsə məhkum edilə bilər. 2020-ci ilin noyabr ayında Ruslan yenə də hərbi xidmətə çağırıldı.
Ruslan ikinci dəfə həbsə məhkum ediləcəyini bilə-bilə bu dəfə də hərbi xidmət keçməkdən imtina etdi. 15 dekabr 2020-ci il tarixində onu tutub məhkəməyədək həbsə aldılar.
Ruslan Yehovaya sadiq qalmağa qəti qərarlıdır. İlk məhkəmə icraatı barədə o deyir: «Mən qorxmurdum, halbuki bilirdim ki, çətin olacaq və məhkəmə mənə qarşı haqsız olacaq. Sevincimi və Yehova ilə münasibətlərimi heç nəyə dəyişmərəm».
Həbsxanada Ruslan üçün asan deyildi. Şərait dəhşətli idi və onunla çox vaxt pis rəftar edirdilər. Lakin Ruslan deyir ki, Yehova həmişə ona kömək edirdi. Ruslan xatırlayır: «Həbsxanada olduğum bütün müddət ərzində Yehovanın əlini görürdüm. Məsələn, məni döyəndə ancaq birinci zərbəni hiss edirdim, sonrakıları isə hiss etmirdim». Yerli bacı-qardaşların məhəbbətlə ona dəstək olmaları ona güc verirdi, həm də ətrafdakılar üçün güclü şahidlik idi.
İkinci dəfə həbsə məhkum edilmək ehtimalı olsa da, Ruslan əmindir ki, Yehova onu tərk etməyəcək. O deyir: «Mən tam əminəm ki, Yehova məni mükafatlandıracaq... Möhkəm ümid olan yerdə sonsuz sevinc, sevinc olan yerdə isə güc və mətanət olur. Möhkəm insanı sındırmaq olmur».
Biz necə də sevinirik ki, Ruslan kimi cəsarətli gənc qardaşlarımız var. Onlar Yehovanın köməyilə hər sınağa cəsarətlə və sevinclə tab gətirə biləcəyimizə canlı sübutdur. Biz bilirik ki, onların Allahın Padşahlığına sarsılmaz sədaqətləri mükafatsız qalmayacaq (İbranilərə 11:6).
a Qərarın elan ediləcəyi tarixi bəzən qabaqcadan bilmək olmur.