Kontentə keç

Serdar Dovletov, 2019-cu ilin iyun ayı

9 DEKABR 2019
TÜRKMƏNİSTAN

Türkmənistanda əqidəsinə görə hərbi xidmətdən imtina edən Serdar Dovletov üçillik həbsə məhkum edilib

Türkmənistanda əqidəsinə görə hərbi xidmətdən imtina edən Serdar Dovletov üçillik həbsə məhkum edilib

12 noyabr 2019-cu il tarixində Türkmənistan məhkəməsinin qərarı ilə 26 yaşlı Serdar Dovletov üçillik həbsə məhkum edilib. O, ölkədə əqidələrinə görə hərbi xidmətdən imtina etdikləri üçün bir ildən dörd ilədək həbs müddətlərinə məhkum edilmiş on Yehovanın Şahidindən biridir. Onlardan yeddisi 2019-cu, üçü isə 2018-ci ildə məhkum edilib.

Serdar Dovletov Türkmənistanın cənub-şərqində yerləşən Marı vilayətinin Bayraməli şəhərindəndir. Onun həyat yoldaşı Surya və anası Sonya da Yehovanın Şahidləridir.

Serdar Dovletovun işi üzrə məhkəmə araşdırması 2019-cu il noyabrın 11-i başlayıb. O, məhkəmədə hərbi xidmətdən imtinasının şəxsi dini etiqadı ilə bağlı olduğunu deyib. Bundan əlavə, məhkəmədə and içərək ifadə vermiş üç həkim bildirib ki, Serdar Dovletov hərbi xidmətdən azad edilməyə əsas verən xroniki on iki barmaq bağırsağı xorasından əziyyət çəkir.

Lakin faktlara baxmayaraq, hakim Serdar Dovletovu «aldatma yolu ilə» hərbi xidmətdən boyun qaçırmaqda təqsirli bilib. O, yerli təcridxanada saxlanılır. Çox ehtimal ki, tezliklə onu digər doqquz qardaşın saxlanıldığı Seyidi əmək düşərgəsinə keçirəcəklər. (Bu düşərgə Lebap vilayətində, səhrada yerləşir.) Serdar Dovletov qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

Türkmənistanda indiyə qədər haqsızlıqlarla üzləşən qardaşlarımıza görə durmadan dua edirik və biz tam əminik ki, Yehova, Öz Kəlamında söz verdiyi kimi, cəsarətlə bitərəf mövqelərini qoruyanlara dayaq olacaq (Zəbur 37:18, 24).