Kontentə keç

3 NOYABR 2020
TÜRKMƏNİSTAN

Türkmənistanda David Petrosov bir ildən sonra həbsdən azad edilib

Türkmənistanda David Petrosov bir ildən sonra həbsdən azad edilib

David Petrosov Türkmənistanda yaşayır. Onun 19 yaşı var və o, Yehovanın Şahididir. Gənc olmasına baxmayaraq, qardaşımız həyatda artıq ağır sınaqla üzləşib. Belə ki, o, imanına görə hərbi xidmətdən imtina etdiyi üçün bir il həbsxanada olub. 30 sentyabr 2020-ci il tarixində azadlığa buraxılıb.

David deyir: «Həbsxanada olarkən bəzən ruhdan düşürdüm. Lakin Yehova Kəlamı vasitəsilə mənə təsəlli verirdi. Bilirdim ki, Yehova hisslərimi başa düşür və mənə təsəlli verməyə hazırdır, ona görə Ona dua edirdim. Vəziyyətdən asılı olaraq, mənə müxtəlif ayələr kömək edirdi. Ancaq tez-tez Filippililərə 4:13 ayəsi yadıma düşürdü».

David Türkmənistanın paytaxtı Aşqabad şəhərində doğulub. Uşaqlıqda gitara çalmağı öyrənib. O, mahnı bəstələməyi və açıq havada vaxt keçirməyi, məsələn, futbol oynamağı, dağda gəzməyi və göldə üzməyi sevir.

Müqəddəs Kitabı ona sinif yoldaşı öyrədib. Qardaşımız 2019-cu ildə vəftiz olunub. Onun ailə üzvlərindən heç kim imanına şərik olmasa da, əqidəsinə və dininə hörmətlə yanaşırlar.

Vəftizindən qısa müddət sonra hərbi xidmət keçməkdən imtina etdiyinə görə David hakim qarşısına çıxarıldı. Türkmənistanda mülki alternativ xidmət yoxdur. Bu səbəbdən o, birillik həbsə məhkum edildi.

Həbsdə olduğu bir il ərzində Yehova Davidə hər cür dəstək oldu. O deyir: «Anam həbsxanada mənə baş çəkə bilməyən insanların salamlarını çatdırırdı. O deyirdi ki, bacı-qardaşlar mənim üçün həmişə dua edirlər. Bunu eşidəndə çox sevinirdim».

David bilir ki, ölkənin qanunlarına görə o, ikinci dəfə hərbi xidmətə çağırıla bilər. Bu qanun tətbiq edilərsə, çox ehtimal ki, o yenə də məhkum edilərək daha sərt cəza alacaq.

David deyir: «Heç kim həbsə qayıtmaq istəmir, elə mən də. Amma mən qorxmuram. Yehovaya imanım, bacı-qardaşlar və Padşahlıq nəğmələrimiz mənə cəsarət və ürək-dirək verir».

Biz əminik ki, Yehova bundan sonra da Davidə iman və cəsarət verəcək. Həmçinin biz Türkmənistanda hərbi xidmət keçməkdən imtina etdiklərinə görə hələ də həbsdə olan on qardaşımız üçün dua edirik. Şübhə etmirik ki, Yehova onları sevir, heç vaxt unutmayacaq və hər zaman onlara dayaq olacaq (Zəbur 69:33).