24 NOYABR 2020
TÜRKMƏNİSTAN
Türkmənistanda Selim Taqanov bir il həbs cəzası çəkəndən sonra həbsdən azad edilib
«Yehovaya dua edəndə O, mənə sakit qalmağa kömək edirdi». Bu sözləri 3 oktyabr 2020-ci il tarixində həbsdən azad edilmiş qardaşımız Selim Taqanov deyib. 19 yaşlı Selim əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün bir il həbsdə olub.
Selim Türkmənistanın paytaxtı Aşqabad şəhərində doğulub. Məktəbi yaxşı oxuyub. Musiqini sevir. Mahnı bəstələyib ifa edir, gitara çalır. Valideynləri, iki doğma qardaşı və dostları Selimi xeyirxah, mülayim və sevincli insan kimi təsvir edir. Selimin məhkəmənin təyin etdiyi vəkili hökm çıxarılmazdan əvvəl demişdi: «O, yaxşı, dürüst oğlandır. Siqaret çəkmir, içkidən sui-istifadə etmir və məktəbi təzəlikcə bitirib. Həbsxana onun həyatını məhv edəcək».
Həbsxana həyatının özünəməxsus çətinlikləri var. Bununla belə, Selimin sözlərinə görə, orada olduğu müddətdə onun Yehova ilə münasibəti möhkəmləndi. Selim deyir: «Evdə öyrəndiyim ruhani həqiqətləri yada salırdım və onları daha dərindən başa düşdüm. Əşiya 41:10, 11 ayələri də məni ruhlandırırdı.
Müvəqqəti saxlama kamerasında hökmün elan ediləcəyini gözləyəndə çox çətin idi, çünki yanımda dərdimi bölüşəcəyim heç kəs yox idi. Amma mən kömək üçün Yehovaya dua edirdim. Bundan sonra əvvəl-əvvəl mənə ədavətlə yanaşan və hədə-qorxu gələn məhbuslar və gözətçilər mənə dəstək olmağa, ürək-dirək verməyə başladılar. Onda əmin oldum ki, Yehova mənə arxa durur».
Yerli bacı-qardaşlar da Selimə çox dəstək oldular. O deyir: «Mən həbs ediləndə çoxları mənə salam göndərir və ruhlandırıcı fikirlərlə bölüşürdü. Çalışırdım həmin fikirləri yadda saxlayım və sonra onları özümə xatırladırdım. Bundan təsəlli alırdım və möhkəmlənirdim».
Türkmənistanın qanunlarına əsasən, o, yenidən hərbi xidmətə çağırıla bilər. Selim bilir ki, belə olduqda, ona təyin ediləcək həbs müddəti daha uzun ola bilər. Selim deyir: «Yehovanın köməyi ilə bu sınaqdan keçdikdən sonra qorxularım yoxa çıxdı. Yehovanın mənə arxa olması sayəsində cəsarət və əminlik hiss edirəm».
Biz hamımız qarşıda sınaqla üzləşəcəyik. Selim bizə bu sözlərlə ürək-dirək verir: «Eyni sınaqla üzləşəcək kəslərə demək istəyirəm: Əşiya 30:15 ayəsini yadda saxlayın: “Sakitlik və etibar sizin gücünüz [olacaq]”».