Kontentə keç

Yuxarıdakı şəkil (soldan sağa): Aybəy Salayev, Matkərim Əminov, Bəhram Şamuradov

13 NOYABR 2014-CÜ İL
TÜRKMƏNİSTAN

Türkmənistanda dini etiqadına görə həbs olunmuş Yehovanın Şahidləri azadlığa buraxılır

Türkmənistanda dini etiqadına görə həbs olunmuş Yehovanın Şahidləri azadlığa buraxılır

Prezident Qurbanqulu Berdiməhəmmədovun gözlənilməz qərarı ilə dini etiqadlarına görə həbsdə olan səkkiz Yehovanın Şahidi amnistiya olunub 2014-cü il oktyabrın 22-də digər məhbuslar sırasında azadlığa buraxılıblar. Onların altısı əqidəyə görə hərbi xidmətdən imtinası nəticəsində, ikisi də dini fəaliyyətinə görə saxta ittihamla azadlıqdan məhrum edilmişdi.

Mərdan Amanovla Pavel Paymov

Hərbi xidmətdən imtina edən, 18—23 yaş arasında olan gənclər səhrada yerləşən Seydi şəhəri əmək koloniyasına göndərilmişdilər. Mərdan Amanov, Pavel Paymov, Zöhrab Rəhmanberdiyev və Əmirlan Tolkaçov ümumi rejim, Matkərim Əminovla Dövran Matyaqubov (şəkildə yoxdur) isə «residivist» damğası ilə təkrar məhkum olunaraq ciddi rejim düşərgəsinə yerləşdirilmişdi. Həbsdə gənclər təhqiramiz rəftar və acınacaqlı şəraitə dözməli olmuşdu.

Saxta ittihamla həbs olunan 35 yaşlı Aybəy Salayev və 42 yaşlı Bəhram Şamuradov həmçinin adı çəkilən ümumi rejim düşərgəsində dustaq edilmişdi. İkisi də dini əqidə və fəaliyyətlərinə görə 4 illik həbs cəzası çəkirdi. Saxta sübutla həbs olunmalarının üstünə bu iki haqsızlıq qurbanı dustaq saxlanıldıqları zaman da son dərəcə kobud rəftara məruz qalmışdı.

Əmirlan Tolkaçovla Zöhrab Rəhmanberdiyev

Hazırda Türkmənistanda Ruslan Narquliyev adında bir Yehovanın Şahidi əqidəyə görə hərbi xidmətdən imtinasına görə həbsdə qalmaqdadır. O, amnistiyadan cəmi bir neçə həftə qabaq məhkum olunmuşdu və ola bilsin, amnistiya elan olunanda Prezident Administrasiyasına onun barəsində məlumat çatmamışdı. Narquliyevin hüquq nümayəndələri onun Türkmənistan hökuməti tərəfindən azad edilməsinə çalışırlar.

Prezident Berdiməhəmmədovun səkkiz mömini amnistiya etməklə atdığı inamlı addım təqdirəlayiqdir. Bütün din azadlığına dəyər verənlər ümid edirlər ki, həmin qərar Türkmənistanda dəyişiklik olacağının müjdəçisidir və bu dəyişikliyin sayəsində Yehovanın Şahidləri təqib, həbs qorxusu olmadan vicdanları ilə həmahəng yaşaya biləcəklər.