22 SENTYABR 2014
TÜRKMƏNİSTAN
Türkmənistanda ana həbsdən azad edilir
Bibi Rəhmanova 2014-cü il sentyabrın 2-si axşam saat 8-də bəraət almadan sərbəst buraxıldı. Həmin günün səhəri Taşauz Vilayət Məhkəməsinin hakimləri onun şikayətinə baxmışdılar. Onlar Bibiyə bəraət verib yalan ittihamlardan azad etməsələr də, onun dördillik həbs cəzasını şərti cəza a ilə əvəz etmiş və dərhal həbsdən azad olunmasına qərar vermişdilər. Məhkəmənin qərarında deyilirdi ki, hakimlər bu məsələyə yüngülləşdirici hal kimi baxdılar, Bibinin qadın və dördyaşlı uşaq anası olduğunu, eləcə də onun haqqında əvvəllər heç bir cinayət işi açılmadığını nəzərə aldılar.
Bibi 18 avqust tarixində «polis əməkdaşına hücum etmək» və «xuliqanlıq» kimi saxta ittihamlarla üzləşdikdən sonra kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdi. İyulun 5-i polislər dəmiryol vağzalında Bibiyə və əri Vepaya sataşaraq onların əlindən içərisində bir neçə dini ədəbiyyat olan şəxsi çantalarını almışdılar. Vepaya qarşı ittihamların əsassız olduğuna qərar verilsə də, Bibi avqustun 8-i həbsə atıldı. Həbsdə olarkən Bibi amansız rəftara məruz qalmışdı.
Haqsızlıq aşkara çıxdı
Bibinin əcnəbi vəkili qeyd edir ki, onun gözlənilmədən azadlığa çıxmasına beynəlxalq aləmin bu haqsız həbsə narazılığı da səbəb olub.
Bu, Türkmənistanda Yehovanın Şahidlərinin üzləşdiyi ilk hadisə deyil. Bu ölkədə Yehovanın Şahidlərinin əsas insan hüquqlarının ciddi şəkildə pozulması adi hal alıb. Səkkiz Yehovanın Şahidi imanlarına bağlı qaldıqları üçün həbsdə yatır. Altısı əqidələrinə görə hərbi xidmətdən imtina etdiyi üçün, ikisi isə saxta ittihamlar ucbatından həbsdədir. Onlar ağır şəraitdə yaşayır və min cür təhqirə tuş gəlirlər.
Nə yaxşı ki, Taşauz Vilayət Məhkəməsinin hakimləri Bibinin vəziyyətini yüngülləşdirdilər. Lakin onlar ədalətsizliyi aradan qaldıra bilmədilər. İnsan ləyaqətinə hörmət edənlər ümid edirlər ki, Türkmənistan dövləti məsələni hərtərəfli araşdıracaq və beynəlxalq insan hüquqları normalarına əməl edərək ölkədə din azadlığı hüququnu tanıyacaq.
a Vilayət Məhkəməsi onun dördillik həbs cəzasını üçillik sınaq müddəti də daxil olmaqla, dördillik şərti cəza ilə əvəz etdi. Sınaq müddəti zamanı o, yaxşı davranmalı, dövlətin icazəsi olmadan yaşadığı şəhəri tərk etməməlidir.