Kontentə keç

20 NOYABR 2020
UKRAYNA

AİHM Ukraynadakı Yehovanın Şahidlərinin xeyrinə üç qərar çıxarıb

AİHM Ukraynadakı Yehovanın Şahidlərinin xeyrinə üç qərar çıxarıb

Məhkəmə qardaşlarımıza qarşı dini nifrət zəminində cinayət törədənlərin cəzasız qalmasını pisləyib

12 noyabr 2020-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ukraynadakı Yehovanın Şahidlərinin xeyrinə üç qərar çıxarıb. Qərarlar növbəti işlər üzrədir: «Zaqubnya və Tabaçkova Ukraynaya qarşı», «Miqoryanu və başqaları Ukraynaya qarşı» və «Kornilova Ukraynaya qarşı». İşlər məhkəməyə 2014—2015-ci illərdə verilmişdi. İşlərin hər biri zorakılığın qurbanı olmuş Yehovanın Şahidlərinə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətsizliyi ilə bağlı idi. AİHM Ukrayna hökumətinin qardaşlarımızın hüquqlarını tam şəkildə müdafiə etmədiyini bildirdi və zərərçəkmişlərə 14 700 avro (17 400 ABŞ dolları) məbləğində təzminatın ödənilməsinə qərar verdi.

«Zaqubnya və Tabaçkova Ukraynaya qarşı». 20 aprel 2009-cu il tarixində bacılarımız Zaqubnya və Tabaçkova Novi Mlını kəndində ev-ev təbliğ edirdilər. Bu zaman küçədə onlara rast gələn yerli Üç üqnum Pravoslav Kilsəsinin keşişi Mıkola Lısenko onları başından və belindən taxta ilə vuraraq qəddarcasına döydü. Keşiş cəzalandırılmadı, halbuki bacılarımızın «fəaliyyətlərini dayandırmaları üçün» onları «qorxutmaq» istədiyini boynuna almışdı.

«Miqoryanu və başqaları Ukraynaya qarşı». 5 aprel 2012-ci il tarixində iyirmi bir nəfər Yehovanın Şahidi və bir neçə qonaq İsa Məsihin ölümünü anma mərasimini qeyd etmək üçün toplaşmışdılar. Bu zaman Moskva Patriarxatının yerli pravoslav kilsəsinin keşişi O. Qrekunun başçılıq etdiyi izdiham görüşü dayandırdı. İzdiham, uşaqlar və yaşlı qadınlar da daxil olmaqla, iştirakçılara hədə-qorxu gəlmiş və onların ünvanına ədəbsiz sözlər demişdi.

Keşiş və onun əlaltıları bundan sonra da Yehovanın Şahidlərinə hücum etmiş, məsələn, qardaşları döymüş, bir qardaşın maşınını yandırmış və Şahidlər yatarkən evə Molotov kokteyli atmışdılar. Bu hadisələrdən sonra zərərçəkənlər polisə şikayət ərizələri ilə müraciət etmiş və lazım olan bütün sübutları təqdim etmişdilər. Müəyyən hadisələr isə hətta kameraya düşmüşdü. Bununla belə, polis bu cinayət əməllərini dini zəmində baş vermiş cinayətlər kimi təsnif etməkdən imtina etmiş və videolardan cinayətkarların kimliyini müəyyən etməyin mümkün olmadığını iddia etmişdi. Nə keşiş, nə də onun əlaltıları cəzalandırılmışdı.

«Kornilova Ukraynaya qarşı». 7 mart 2013-cü il tarixində Nosivka şəhərində bacılarımız Kornilova və Serdyuk qonşuluqda yaşayan insanları İsa Məsihin ölümünü anma mərasiminə dəvət edirdilər. Bir kişi bacılarımızı və onların dinini ədəbsiz sözlərlə təhqir etməyə başladı. Sonra onlara hücum etdi və Kornilova bacını üzündən bərk vuraraq ona ciddi xəsarət yetirdi. Bacı 11 gün xəstəxanada yatdı. Polis hadisəni dini zəmində hücum kimi təsnif etməkdən imtina etdi və bacının «şəxsi ədavətin» qurbanı olduğunu bildirdi. Məhkəmə hücum edəni cüzi məbləğdə cərimə etdi.

Soldan sağa: Tetyana Kornilova, Tetyana Zaqubnya, Mariya Tabaçkova və Vasıl Miqoryanu. 2009—2013-cü illər ərzində Ukraynada dini zəmində hücumlara məruz qalmış çoxsaylı Yehovanın Şahidlərindən dördü

Ukrayna filialının nümayəndələri bu təqibləri müzakirə etmək üçün yerli, milli və beynəlxalq təşkilatların rəsmiləri ilə çoxsaylı diplomatik görüşlər keçirmişdi. Bütün hüquq-müdafiə vasitələri tükəndikdən sonra qardaşlar 2014-cü ildən şikayətləri AİHM-ya verməyə başladılar. Maraqlıdır ki, bundan bir il əvvəl rəsmilər Ukraynada dini dözümsüzlüyün olduğunu artıq qeyd etməyə başlamışdı. Ukrayna Ombudsmanının 2013-cü il hesabatında deyilirdi: «Polisin dini zəmində olduğu ehtimal edilən cinayətləri hərtərəfli araşdırmaması cinayətkarların cəzasız qalacaqlarına əminliyini artırır və hücumlarını davam etdirmək üçün şərait yaradır». BMT-nin İnsan Hüquqları Komitəsinin Ukrayna üzrə 2013-cü il dövrü hesabatında deyilirdi ki, komitə Ukraynada ədavət zəminində törədilən cinayətlərin (o cümlədən Yehovanın Şahidlərinə qarşı) az ağır cinayətlər kimi təsnif olunmasından narahatdır. Komitə belə nəticəyə gəldi ki, Ukrayna hökuməti «ədavət zəminində törədildiyi ehtimal edilən cinayətlərin hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi, [...] məhkum edildikdə müvafiq cəza təyin edilməsi və zərərçəkənlərə münasib təzminatın ödənilməsi üçün daha çox iş görməlidir».

Son illərdə Ukrayna hökuməti vəziyyətin yaxşılaşması üçün müvafiq tədbirlər görür. Yehovanın Şahidlərinin ölkədə din azadlığı olsa da, biz ümid edirik ki, AİHM-nın bu üç qərarı Ukrayna və digər ölkələrdəki hüquq-mühafizə orqanlarını bundan sonra da bacı-qardaşlarımızın din azadlığını müdafiə etməyə təşviq edəcək. «Bütün yolları haqq» olan Yehova Ona ibadət edənlərin təqibinə tezliklə son qoyacaq. Biz bu vaxtı həsrətlə gözləyirik (Qanunun təkrarı 32:4).