Kontentə keç

31 OKTYABR 2019
UKRAYNA

AİHM Yehovanın Şahidlərinin Ukraynada ibadət evi tikməsinin lehinə qərar verdi

AİHM Yehovanın Şahidlərinin Ukraynada ibadət evi tikməsinin lehinə qərar verdi

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Palatası 3 sentyabr 2019-cu il tarixində Krivoy-Roq şəhərindəki Yehovanın Şahidlərinin lehinə qərar qəbul edib. Məhkəmə Krivoy-Roq Şəhər Şurasını dindaşlarımıza ibadət evinin tikintisinə məqsədyönlü şəkildə razılıq verməməkdə təqsirli bilib.

Ukraynanın Krivoy-Roq şəhərində dindaşlarımız ibadət evi tikmək istədikləri yerin qarşısında dayanıblar

Palatanın qərarına əsasən, Şəhər Şurası beynəlxalq qanunu — Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsini (fikir, vicdan və din azadlığını müdafiə edir) və 1 saylı Protokolunun 1-ci maddəsini (mülkiyyət hüququnu təmin edir) pozduğuna görə mülkün sahibi olan iki yığıncağa vurulan zərəri və məhkəmə xərclərini ödəmək üçün 7000 avro (7768 ABŞ dolları) ödəməlidir. Ukrayna hökumətinin Palatanın qərarı ilə razılaşmayıb işi AİHM-ın Böyük Palatasına göndərməyi xahiş etmək üçün üç ay vaxtı var.

Krivoy-Roqdakı iki yığıncağın ibadət evi tikmək üçün ilk dəfə müraciət etməsinin üstündən 15 ildən çox vaxt keçib. 9 avqust 2004-cü il tarixində onlar bələdiyyə torpağında yerləşən yaşayış binası almış, sonra isə ibadət evi tikmək məqsədi ilə həmin torpağı 5 illik icarəyə götürmək üçün müraciət etmişdilər. Şəhər şurası 28 sentyabrın 2005-ci il tarixində ilkin razılığı vermişdi. Həmçinin Şəhər Şurası qardaşlara xatırlatmışdı ki, tikintiyə başlamaq üçün lazım olan son razılığı əldə etməkdən ötrü layihəni müəyyən dövlət orqanlarına təqdim etməlidirlər.

Layihə tərtib olundu, müvafiq dövlət orqanlarının razılığı əldə olundu və 23 avqust 2006-cı il tarixində son razılıq üçün Şəhər Şurasına təqdim olundu. Qanuna əsasən, Şəhər Şurası bir ay ərzində qərar verməli idi. Lakin Şura qardaşların ərizəsinə cavab vermədi. Hətta regional məhkəmə Şəhər Şurasının qanunu pozduğunu təsdiq edəndən sonra da Şura icazə verməkdən boyun qaçırdı. Növbəti məhkəmə işlərində müsbət nəticə əldə olunmadığından 13 aprel 2010-cu il tarixində qardaşlar AİHM-a müraciət etdilər.

Biz çox sevinirik ki, AİHM qardaşlarımızın xeyrinə qərar verib. Dua edirik ki, AİHM-ın çıxardığı qərar bu sahədə məhdud azadlığı olan ölkələrdə yaşayan dindaşlarımızın Yehovaya ibadət etmək üçün binalar tikməsini asanlaşdıracaq (Zəbur 118:5—9).