20 İYUL 2022
UKRAYNA
Ehtiyac içində olmalarına baxmayaraq başqalarına kömək edən dindaşlarımız
Ukraynada davam edən müharibə ucbatından təxminən 47 000 Yehovanın Şahidi evlərini tərk etməli olub. Çoxları ölkədəki daha təhlükəsiz yerlərə qaçıb. Orada bacı-qardaşlar onları geyim, qida, sığınacaq və digər vacib şeylərlə təmin edir. Baxmayaraq ki bu qonaqpərvər bacı-qardaşlarımızın özlərinin də iqtisadi çətinliyi var, amma onlar ehtiyac içində olan dindaşlarına kömək etməkdən sevinc duyurlar.
Ukraynanın Uman şəhərindən olan Olha bacı və Yehovanın Şahidi olmayan həyat yoldaşı, müharibənin ilk 2 ayı ərzində ümumilikdə 300 təbliğçini evlərində qonaq edib. Evlərini tərk etməli olmuş bu bacı-qardaşların çoxu orada sadəcə bir gecə qalıb, sonra isə yollarına davam ediblər. Olha çox vaxt bacı-qardaşların onlara gələcəyindən gecə yarısı, onlar evə çatmazdan qısa müddət əvvəl xəbər tuturdu. Bir dəfə Olha 22 bacı-qardaşı eyni vaxtda evində qonaq etmişdi. Bu vəziyyət Olhanın 18 yaşlı oğlu Stanislava səxavət göstərmək fürsəti yaratmışdı. O çox vaxt yerdə yatırdı ki, bacı-qardaşlar onun otağında qala bilsin.
Olha deyir: «Bu çətin vaxtlarda Yehovanın xalqına kömək edə bildiyim üçün böyük sevinc duyuram. Bu məni çox xoşbəxt edir».
Andrey və həyat yoldaşı Lyudmila 5 həftə ərzində evlərində 200 Yehovanın Şahidini qonaq etdi. Bir dəfə onlar 18 nəfəri eyni vaxtda evində qonaq etmişdi. Andrey deyir: «Filialın göstərişinə tabe olduğumuz üçün bizim bir az ərzaq tədarükümüz var idi. Bu ərzaqları evlərini tərk etməli olmuş dindaşlarımız üçün bir həftə yarım istifadə etdik. Qonaqlar gedəndə içində pul olan zərflər saxlayırdı, biz də bu pullarla növbəti qonaqlar üçün tapa bildiyimiz qidaları alırdıq. Zərərçəkənlərə yardım komitəsi də bizi ərzaqla təmin etdi, buna görə də qida sarıdan korluq çəkmədik».
İvano-Frankovskda yaşayan Vita mart ayında bacısının yanına köçdü. Beləcə, evlərini tərk etməli olan bacı-qardaşlar onun evində qala bildi. Vita belə deyir: «Mən buna fədakarlıq kimi yox, məhəbbətin ifadəsi kimi baxıram. Bu bacı-qardaşlar üçün etdiklərim mənə sevinc verir. Biz bir ailəyik».
Nataliya həyat yoldaşı və qızı Qabriela ilə birgə Ternopolda yaşayır. Müharibə başlayanda onların üçü də işini itirdi və dar gün üçün ayırdıqları pulun böyük bir hissəsini xərcləməli oldular. Bununla belə, onlar bir bacını və onun əlil qızını evlərində qonaq etdilər.
Nataliya bölüşür: «Afrikadakı bir bacının hadisəsini xatırlayıram. Onun imkanı zəif olsa da 14 bacı-qardaşı toplantı vaxtı evində qonaq etmişdi və onlar heç nədən korluq çəkməmişdilər». O deyir ki, bu hadisə ona başqalarının rifahını birinci yerə qoymağa kömək edir.
Ukraynadakı dindaşlarımız çoxlu çətinliklərlə üzləşsə də, onlar «qonaqpərvər olun» prinsipinə uyğun davranaraq Yehovaya güvənirlər (Romalılara 12:13).