Kontentə keç

Ukrayna dilində «Gözətçi qülləsi» jurnalı artıq 100 ildir dərc olunur

4 YANVAR 2024
UKRAYNA

«Gözətçi qülləsi»nin Ukrayna dilində çap olunmasından 100 il ötür

«Gözətçi qülləsi»nin Ukrayna dilində çap olunmasından 100 il ötür

Ukrayna dilində «Gözətçi qülləsi» jurnalının 1924-cü ilin yanvar ayında çıxmış ilk sayı

2024-cü ilin yanvar ayında «Gözətçi qülləsi» jurnalının Ukrayna dilində ilk dəfə çap olunmasının 100 ili tamam oldu. Xoş xəbər ilk dəfə Ukraynada 1891-ci ildə təbliğ edilmişdi və çoxları Allahın Kəlamındakı müjdəyə hay vermişdi. Onilliklər boyu Ukrayna dilində danışan insanların çoxu Müqəddəs Kitaba maraq göstərməyə başladı. Buna baxmayaraq, 20-ci əsrin əvvəlində Ukraynada hökm sürən siyasi vəziyyətə görə bu dildə danışan insanların əksəriyyəti başqa ölkələrə, xüsusilə də, Kanada və Birləşmiş Ştatlara köçmüşdülər.

Emil Zariski adlı bir qardaşın valideynləri də vaxtı ilə Ukraynanı tərk edib Kanadaya gəlmişdi. Ruterford qardaş 1923-cü ildə Kanadaya səfəri zamanı onu «Gözətçi qülləsi» jurnalını Ukrayna dilinə tərcümə etməyə dəvət etmişdi. Emil yenicə öncül və səyyar nəzarətçi kimi xidmət etməyə başlamışdı. Qardaşın yoldaşının adı Mariya idi. Onların beş uşağı var idi, lakin bu, Emili Ruterford qardaşın dəvətini qəbul etməkdən saxlamadı. Beləcə, 1924-cü ilin yanvarında «Gözətçi qülləsi» jurnalının Ukrayna dilində ilk sayı işıq üzü gördü. Emil qardaş 40 il tərcümə işi ilə məşğul oldu. Qardaşın qızı Roza həmin vaxtları belə xatırlayır: «Atam çap edərkən otağa yayılan çap maşınının səsinin əks-sədası hələ də qulaqlarımdadır. O illərdən ən çox yadımda qalan budur».

1964-cü ildə Emil qardaş Moris Sarançuk qardaşa və onun həyat yoldaşı Annaya «Gözətçi qülləsi» jurnalını Ukrayna dilinə tərcümə etməklə bağlı təlim keçdi. Moris qardaş bu işi canla-başla görürdü. Hətta bəzən öz iş yerindəki fasilə vaxtlarında belə qardaş maşınının arxa oturacağında oturub tərcümə ilə məşğul olurdu. Sonralar bu cütlüyə ibadət evində tərcümə ofisi kimi balaca otaq verildi. 1977-ci ildə Moris qardaş Kanada Beytelinə dəvət olundu. İllər ərzində filialda Ukrayna dilində danışan digər qardaşlara da «Gözətçi qülləsi»ni və Müqəddəs Kitaba əsaslanan digər nəşrləri Ukrayna dilinə tərcümə etməklə bağlı təlim keçirildi.

Solda: 1924-cü ildə «Gözətçi qülləsi» jurnalını ilk dəfə Ukrayna dilinə tərcümə etmiş Emil və Mariya Zariski. Sağda: 1960-cı illərdən başlayaraq «Gözətçi qülləsi»ni Ukrayna dilinə tərcümə etməyə kömək etmiş Moris və Enn Sarançuk

Sovet İttifaqı 1940-cı illərin sonlarına yaxın Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoymuş və bu qadağa onilliklərlə davam etmişdi. Bu illər ərzində bacı-qardaşlar Ukrayna dilində «Gözətçi qülləsi»nin və Müqəddəs Kitaba əsaslanan digər nəşrlərin ölkəyə gətirilməsinin müxtəlif yollarını tapmışdılar. Sovet İttifaqı ərazisində yaşayan qardaşlarımız bu nəşrləri əldə etdikdən sonra onların nüsxələrini çıxarmalı və dindaşlarımızın ehtiyac duyduğu bu ruhani qidanın onlara ötürülməsinin qayğısına qalmalı idilər. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Ukraynadakı bacı-qardaşlarımız sərbəst şəkildə ibadət etməyə başladılar. Bundan qısa müddət sonra Almaniya filialında Ukrayna tərcümə qrupu təşkil olundu. Sonralar bu qrup Polşaya köçürüldü. Onlar 2001-ci ilədək, Ukrayna filialı hazır olanadək orada fəaliyyət göstərdi. 30 ildir Ukrayna tərcümə qrupunda xidmət edən bir bacı deyir: «Həmin illərdə “Gözətçi qülləsi”ni tərcümə edən, nüsxələrini çıxaran və paylayan bacı-qardaşlar Yehovanın təşkilatındakı bugünkü artıma böyük töhfə vermişlər. Onların çəkdiyi zəhmət barədə düşünmək məni təyinatımı canla-başla icra etməyə təşviq edir».

Ukrayna dilində çıxan «Gözətçi qülləsi» bu gün bütün dünyada Ukrayna dilində danışan milyonlarla insana fayda gətirir. Hal-hazırda Ukraynada 67 ukraynadilli qrup və 541 yığıncaq var. Bundan əlavə, Avstriya, Belçika, Böyük Britaniya, Kanada, Xorvatiya, Çexiya Respublikası, Fransa, Almaniya, İrlandiya, İtaliya, Polşa, Slovakiya, İspaniya, İsveç və Birləşmiş Ştatlarda ukraynadilli qruplar və yığıncaqlar fəaliyyət göstərir.

Ukrayna dilində çıxan «Gözətçi qülləsi»nə görə Yehovaya minnətdarıq. Bu jurnal Ukrayna dilində danışan insanlara Allaha güvənməyə kömək edir (Zəbur 78:7).