22 APREL 2022
UKRAYNA
«Həmin gecə Yehova təkcə əlimdən tutmadı, O məni qollarına aldı»
Ərləri müharibə ucbatından həlak olmuş bacılara Yehovanın vədləri təsəlli verir
Yehova Lyudmila Mozul və Katerina Rozdorskaya bacılarımıza müharibənin vurduğu fiziki və emosional yaralardan sağalmağa kömək edir. Onların həyat yoldaşları Pyotr Mozul və Dmitri Rozdorski Ukraynadakı müharibə zamanı həlak olmuş ilk dindaşlarımızdan ikisidir. Əfsuslar olsun ki, son məlumatlara görə, həlak olmuş dindaşlarımızın sayı artıq 34-ə çatıb.
Pyotr və Lyudmila 1994-cü ildə vəftiz olunmuşdular. Onlar 43 il bundan əvvəl evlənmişdilər.
Lyudmila deyir: «Ağsaqqallar, bacı-qardaşlar hər gün ailəmizə təsəlli verirlər. Elə gün olmur ki, onlar bizə zəng etməsinlər. Ukraynadakı filialdan başsağlığı sözləri yazılmış məktub da mənə çox təsir etdi».
Müharibə 2022-ci il fevralın 24-ü başlayıb. Pyotr qardaş martın 1-i ailəsi ilə birgə Xarkov şəhərindən çıxmağa çalışarkən düşən bombadan həlak oldu. O, jest yığıncağında yığıncaq xidmətçisi kimi xidmət edirdi. Onun 67 yaşı var idi.
Həmin gün, gecə-gündüz artilleriya atəşinə tutulan Xarkov şəhərinə hava hücumu başladı. Ailə lazım olan hər şeyi yığıb 30 dəqiqəyə evdən çıxdı. Pyotr və Lyudmila bir maşında, oğulları Aleksey və gəlini Marina isə başqa maşında idilər. Lyudmila deyir: «Biz şəhərdə yol gedən zaman hava hücumu başladı. Zərbə dalğası maşını bərk silkələdi».
Pyotr maşınını oğlu ilə gəlininin getdiyi maşın ilə toqquşmadan güclə saxladı, amma özü ciddi qəlpə yarası aldı. Pyotrla Lyudmilanı xəstəxanaya apardılar. Orada o öldü. Bomba qəlpəsi Lyudmilanın ayağını və qarın nahiyəsini zədələdi. Alekseylə Marina xəsarət almadılar. Lyudmila ərinin vəfat etdiyini üç gündən sonra xəstəxanadan çıxanda bildi.
Lyudmila deyir: «Yehovanın xeyirxahlığı və gözəl niyyəti haqda daha çox düşündükcə, qəlb rahatlığım bir o qədər artır. Əminəm ki, yeni dünyada ərimi görəcəyəm. İndi sadəcə bu sevinc dolu anı gözləmək qalır».
Dmitri və Katerina səkkiz il evli idilər. Martın 8-i Dmitri işdən evə qayıdırdı. Yoldaşına zəng edib dedi: «Bir azdan evdə olacağam». Bu onun son sözləri oldu.
Bir neçə saatdan sonra Dmitrinin iş yoldaşı Katerinaya zəng edib xəbər verdi ki, yoldaşı minaya düşüb və onu xəstəxanaya aparıblar. Cərrahiyyə əməliyyatından beş saat sonra Dmitri vəfat etdi.
Katerina deyir: «Həmin gecə Yehova təkcə əlimdən tutmadı, O məni qollarına aldı. Yehovanın mənə çox yaxın olduğunu hiss etdim».
Dmitrinin 28 yaşı var idi. O, 2006-cı ildə vəftiz olunmuşdu və Ukraynanın Donetsk vilayətində ağsaqqal kimi xidmət edirdi.
Ərini dəfn edəndən qısa müddət sonra Katerina daha təhlükəsiz əraziyə köçdü. Yol 12 saat çəkdi. O xatırlayır: «Ukraynadan və başqa ölkələrdən olan bacı-qardaşlar mənə çox dəstək oldular. Onların məhəbbəti ağrıyan ürəyim üçün əsl məlhəm oldu».
Bacı deyir: «Xidmət də mənə təsəlli verir... Hiss edəndə ki daha dözə bilirəm, Filippililərə 4:6, 7 ayələrini oxuyuram».
Biz əminik ki, Ukraynada gedən müharibə zamanı doğmalarını itirmiş bacı-qardaşlara Yehova bundan sonra da təsəlli və güc verəcək (Zəbur 61:1—3).