Kontentə keç

İki nəfərin vəftizi (Ukrayna, 23 iyul 2022-ci il)

12 AVQUST 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (12)

«Müharibə belə, şagird hazırlamaq işini dayandıra bilməz»

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (12)

«Sülhə can atın!» adlı regional toplantının 2022-ci il iyulun 23-dən 31-dək tarixlərində olan hissəsində həm Ukraynanın özündə yaşayan, həm də müharibə ucbatından başqa ölkələrə köçən ukraynalılar arasında vəftiz olunanlar oldu. Avqustun 2-nə olan məlumata əsasən, ümumilikdə Ukraynadan olan 1113 nəfər vəftiz olunub. Bir qardaş deyir: «Hətta müharibə belə, şagird hazırlamaq işini dayandıra bilməz, çünki İsa Mətta 28:20 ayəsində söz verib: “Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm”».

Sizinlə bir neçə ruhlandırıcı hadisəni bölüşmək istəyirik.

Luqansk vilayətinin Kreminna şəhərindən olan Natalyanın 63 yaşı var. O və iki qızı Müqəddəs Kitabı 1990-cı illərdə öyrənməyə başlayıb. Qızları vəftiz olunub Yehovanın Şahidləri oldular, amma Natalya yox. Müharibə başlayanda Yehovanın Şahidi olan bir ailə daha təhlükəsiz yerə köçərkən Natalyanı da özləri ilə götürdülər. Bacıya İvano-Frankovskdakı ibadət evində sığınacaq verildi.

Natalya deyir: «Dəhşətli bombardmandan sonra sanki gülməyi unutmuşdum. Bacı-qardaşlar mənə əsl məhəbbət göstərdilər. Mənə bu qədər diqqət göstəriləcəyini gözləmirdim. Həmin vaxt Yehovaya məhəbbətim yenidən alovlandı. Müqəddəs Kitabı çox oxuyurdum və bir bacı mənə «Əbədi xoşbəxt həyat!» kitabı vasitəsilə yenidən Müqəddəs Kitabı öyrənməyi təklif etdi. Bacı mənim üçün sanki Yehovadan bir hədiyyə oldu». Natalya əlavə edir: «İndi Yehovanın vəftiz olunmuş xidmətçisi olduğum üçün çox xoşbəxtəm. İstəyirəm bütün ömrüm boyu Mətta 22:37 ayəsində yazılanlara uyğun yaşayım və Yehovanı bütün qəlbimlə, bütün varlığımla və bütün ağlımla sevim».

Olya əllə çəkilmiş şəkil tutub. Şəklin üzərində toplantının adı yazılıb (Polşa)

Çerkassı şəhərindən olan Olya müharibə başlayanda vəftiz olunmamış təbliğçi idi. Martın 6-sı o, qızı və nəvəsi ilə birgə Polşaya qaçmışdı. O deyir: «Oraya yalnız ehtiyat çantası ilə gəlib çıxmışdıq, lakin bacı-qardaşlar hər üçümüzün qeydinə qaldı. Mən əmin oldum ki, Yehovanın təşkilatında əsl birlik var və bu təşkilatı Allahın ruhu idarə edir. Bütün bunlardan sonra həyatımı Yehovaya həsr etmək qətiyyətim daha da artdı. O mənə həyatımın ən çətin anlarında dayaq oldu və indi mən həyatım boyu Ona xidmət etmək istəyirəm».

Donetsk vilayətindən olan Yulyanın 18 yaşı var. O, Yehovanın Şahidlərinin ailəsində böyüsə də, özünü Yehovaya həsr edib vəftiz olunmamışdı. Yulya müharibə başlayandan qısa müddət sonra baş vermiş bir hadisəni danışır: «Döşəmədə uzanmışdım, düşünürdüm ki, hər an ölə bilərəm. Yaşadığımız küçə darmadağın edilsə də, biz sağ qalmışdıq. Bu hadisələrdən sonra dua edib Yehovanın xüsusiyyətləri üzərində düşünürdüm, beləcə Ona daha da yaxın oldum və bütün şübhələrim aradan qalxdı. Artıq əmin idim ki, həyatımı Yehovaya həsr etmək istəyirəm. Dualarıma cavab verməklə Yehova mənə nə qədər yaxın olduğunu göstərirdi. Əvvəllər Allah haqqında ancaq biliyim var idi, indi isə Onu həqiqətən sevirəm». Yulya iyulun 23-ü vəftiz olundu.

11 yaşlı David vəftizindən qabaq (Almaniya)

Müharibə başlayanda 11 yaşlı Davidin ailəsi Almaniyaya köçdü. O, doqquz yaşından vəftiz olunmamış təbliğçi idi. İndi o, Yehovaya xidmətdə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır. David deyir: «Mən vəftiz olunmaq qərarı verdim, çünki Yehovanı sevirəm və Onun dostu olmaq istəyirəm. Vəftiz zamanı Onun gözəl ailəsinin üzvü olduğuma görə sevinc göz yaşlarımı saxlaya bilmirdim. Mən insanlara Yehova və Onun bəşəriyyətlə bağlı niyyəti barədə danışmağı sevirəm, odur ki, növbəti məqsədim öncül olmaqdır. Həmçinin yığıncaqdakı bacı-qardaşlarıma xidmət etmək istəyirəm və ümid edirəm ki, bir gün mən yığıncaq xidmətçisi olacağam. Ən ümdə məqsədim isə Beyteldə xidmət etməkdir. Məndə bu istək 2018-ci ildə Lvovdakı Beyteli ziyarət edəndən sonra yarandı».

Kiyevdən olan Alyona 2011-ci ildə vəftiz olunmamış təbliğçi olmuşdu, amma on il idi ki, o, qeyri-fəal təbliğçi idi. 2020-ci ildə yığıncaq ağsaqqalları onunla əlaqə saxlayıb «Yehovaya geri dön» broşürünü vermişdi. Bacı deyir: «Mən yenidən Müqəddəs Kitabı öyrənməyə və yığıncaqlara getməyə başladım. Amma müəyyən vaxtdan sonra yenə dayandım. Müharibə zamanı Yehovanın dualarıma cavab verdiyini, məni qoruduğunu, sevdiyini və qəlb rahatlığı verdiyini gördüm. Mən Rumıniyaya qaçdım və orada Yehovanın Şahidlərini tapdım. Yehova oradakı bacı-qardaşlar vasitəsilə məni Öz məhəbbətinə bürüdü». Alyona iyulun 24-ü vəftiz olundu. O deyir: «Yehovaya minnətdaram ki, mənə qarşı belə səbir göstərib. İndi bilirəm ki, “mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır” (Filippililərə 4:13)».

Aşağıda 2 avqust 2022-ci il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatlar gətirilib. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün bölgələri ilə əlaqə saxlamaq çətindir.

Bacı-qardaşlara təsiri

  • 43 təbliğçi həlak olub.

  • 97 təbliğçi xəsarət alıb.

  • 22 568 təbliğçi evlərini tərk edib.

  • 586 ev dağılıb.

  • 613 evə ciddi ziyan dəyib.

  • 1632 evə cüzi ziyan dəyib.

  • 5 ibadət evi dağılıb.

  • 10 ibadət evinə ciddi ziyan dəyib.

  • 37 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 53 836 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 24 867 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.