Kontentə keç

16 NOYABR 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (13)

Bacı-qardaşlar yenidən ev-ev təbliğdə

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (13)

2022-ci ilin avqustun ayında elan olunmuşdu ki, Ukraynanın təhlükəsiz ərazilərində ev-ev xidmət bərpa olunacaq. Bacı-qardaşlarımız təbliğin bu növündə iştirak etməyə canla-başla hazır idilər. Onlar gördülər ki, çoxlu sayda insan Müqəddəs Kitabdakı xoş xəbərə qulaq asır. Müqəddəs Kitabı araşdıran bir nəfər bölüşür: «Müharibənin yol açdığı faciələri və əzab-əziyyəti görəndə insan başa düşür ki, bəşəriyyətin problemlərinə ancaq Allah son qoya bilər». Gəlin xidmətdə baş vermiş bəzi maraqlı hadisələrə nəzər salaq.

«Lanovçı» yığıncağında xidmət edən Ruslan qardaş yenidən ev-ev xidmətə gedəndə bir az narahatlıq keçirirdi. O və həyat yoldaşı dua edirlər ki, Yehova onlara cəsarət versin və gözəl gələcəyə dair xoş xəbərə maraq göstərən insanları qarşılarına çıxartsın. Onlar iki saat ərzində səkkiz nəfərlə söhbət etmişdilər və onların hamısı Müqəddəs Kitab dərsi keçməyə razılaşmışdı. Heç bu ər-arvad özləri də bunu gözləmirdi.

«Kremenets» yığıncağında xidmət edən Olqa bacı təbliğdə olan zaman bir kişi onlara tərəf qaçır və soruşur ki, insanlarla Allahın Kəlamı haqda danışırlar? Sonra kişi belə deyir: «Mən siqaret çəkirəm, çox içirəm. Başa düşürəm ki, bu əməllərimə görə tezliklə Allaha cavab verəcəyəm. Həmin gün yetişəndə istəmirəm, Allah məni bu vəziyyətdə görsün». Bu kişinin yaşadığı ərazidən bir qardaşla Müqəddəs Kitab dərsi keçməsi üçün tədbir görüldü.

Vasili «Lvov, Ryasnoe Şərq» yığıncağında xidmət edir. Qardaş təbliğ qrupu ilə birlikdə bir kənddə təbliğ edirdi. O, bir evə yaxınlaşdı. Yadına düşdü ki, illər əvvəl burada bir qadınla söhbət edib və o, əsəbiləşərək Yehovanın Şahidləri ilə danışmaq istəməmişdi. Buna rəğmən, qardaş qapını döyür və qapını həmin qadın açır. Qardaş qadına Müqəddəs Kitab dərsi təklif edir. Maraqlıdır ki, bu dəfə qadın Allahın Kəlamını araşdırmaq istədiyini deyir. Qardaşlar onunla bir bacının Müqəddəs Kitab dərsi keçməsi üçün tədbir gördü.

«İllintsi» yığıncağında xidmət edən Sergey 2021-ci ildə vəftiz olunmuşdu və heç vaxt ev-ev təbliğdə iştirak etməmişdi. O, həyəcanlı idi və vaxt ayırıb xidmətə yaxşıca hazırlaşdı. Sergey bölüşür: «Mən dəfələrlə söhbət planına aid videolara baxdım. Bundan sonra mənə lazım olan şey sadəcə cəsarət idi». Qardaş deyir ki, insanlarla xoş xəbər haqda danışdıqca narahatlığı keçdi, ürəyinə böyük sevinc hissi doldu.

«Rozdil» yığıncağında xidmət edən Nikol bacı da 2022-ci ilin avqust ayında təbliğçi olub. O deyir: «Mən çox həyəcan keçirirdim, hətta təbliğdə canlı iştirak etməyə qorxurdum. Amma təbliğə gedəndən sonra gördüm ki, insanlarla Yehova haqda danışmaq nə gözəl imiş!»

İki bacı ev-ev təbliğ edir

11 noyabr 2022-ci il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatları çatdırırıq. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün regionları ilə əlaqə saxlamaq çətindir.

Bacı-qardaşlara təsiri

  • 46 təbliğçi həlak olub.

  • 97 təbliğçi xəsarət alıb.

  • 12 569 təbliğçi evlərini tərk etməli olub.

  • 590 ev dağılıb.

  • 645 evə böyük ziyan dəyib.

  • 1722 evə cüzi ziyan dəyib.

  • 6 ibadət evi dağılıb.

  • 19 ibadət evinə böyük ziyan dəyib.

  • 63 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 53 948 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 25 983 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.