Kontentə keç

Könüllülər təhlükəsiz hesab olunan ərazilərdə evləri təmir edirlər

29 DEKABR 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (15)

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (15)

2022-ci ilin fevral ayında Ukraynada müharibə başlayandan bəri Yehovanın Şahidlərinə məxsus təxminən 3000 evə ziyan dəyib və ya dağılıb. Avqust ayından Zərərçəkənlərə yardım şöbəsinin və Yerli layihə-inşaat şöbəsinin nəzarəti altında Ukraynadakı qardaşlarımız təhlükəsiz ərazilərdə evləri təmir etməyə başlayıblar. Bura damların, pəncərələrin dəyişdirilməsi və digər cüzi təmir işləri daxildir. Evlər dağıldığı üçün bəzi hallarda qaraj və ya anbar kiçik, sadə ev halına salınır. Bu günə qədər 37 layihə başa çatdırılıb, 48 layihə isə hələ davam edir.

Belə çətin bir vaxtda evləri təmir etmək heç də asan deyil. Ancaq qardaşlar tərəddüd etmədən kömək əllərini uzadırlar. Velikaya Dımerkada (Kiyev vilayəti) yaşayan 70 yaşlı Svetlana bacı deyir: «Evimin damını və fasadını təmir etmək üçün pulum yox idi. Amma Yehova gözləmədiyim vaxtda dadıma çatdı. Qardaşlar gəlib cəmi üç gün ərzində bütün işləri gördülər».

Qorenkadan (Kiyev vilayəti) olan Nadiya bacı yardım işlərinin təbliğ zamanı onlara kömək etdiyini deyir. O izah edir: «Təmir işləri hər kəsə böyük şahidlik oldu. Hətta tanımadığım insanlar belə Yehovanın Şahidləri arasındakı əsl məhəbbətdən danışırdılar. Qardaşların mənim köməyimə gəlməsi onlara güclü təsir etmişdi».

Evlərini itirən bacı-qardaşlar da yardım işlərində iştirak edirlər. Onlardan biri Yevqen və Tetyanadır. Raket düşməsi nəticəsində onların evi dağılmışdı. Buna baxmayaraq, onlar fikirlərini itirdikləri şeylərə cəmləmirlər, əksinə, dindaşlarına kömək etmək üçün əllərindən gələni edirlər. Yevqen deyir: «Bizim əsas amalımız həmişə başqalarına kömək etmək olub. Başqalarına yardım göstərmək öz dərdimizə dözməyə kömək edir».

Velikaya Dımerkada (Kiyev vilayəti) ziyan görmüş evin təmirdən əvvəlki və sonrakı halı

Qardaşlar Lidiya bacının Qostomeldəki (Kiyev vilayəti) evini təmir edəndən sonra o da yardım işlərində iştirak etmək istədi. O deyir: «Təxminən 16 bacı-qardaş iki həftə ərzində evimi təmir etməyə kömək etdi. Özümü yeni dünyada hiss edirdim. İndi mən də başqalarına kömək etmək istəyirəm».

Bu yaxınlarda Ukrayna filial komitəsində xidmət edən bir qardaş evlərini itirən dindaşlarımızı ruhlandırmaq üçün yardım işlərinin aparıldığı əraziləri ziyarət etdi. O deyir: «Ukraynadakı bacı-qardaşlar həmişə bir-birilərinə dərin məhəbbət bəsləyiblər. Lakin bu müharibə bizi bir-birimizə daha da yaxınlaşdırdı. Əziz bacı-qardaşlarımıza edilən bu yardımın onları xidmətdə daha çox şey etməyə təşviq etdiyini, eləcə də 2 Korinflilərə 9:12 ayəsində deyildiyi kimi Allaha edilən şükürlərin dolub-daşdığını görmək çox sevindiricidir».

Aşağıda 20 dekabr 2022-ci il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatları çatdırırıq. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün regionları ilə əlaqə saxlamaq çətindir.

Bacı-qardaşlara təsiri

  • 47 təbliğçi həlak olub.

  • 97 təbliğçi xəsarət alıb.

  • 11 477 təbliğçi evlərini tərk etməli olub.

  • 590 ev dağılıb.

  • 645 evə ciddi ziyan dəyib.

  • 1722 evə cüzi ziyan dəyib.

  • 7 ibadət evi dağılıb.

  • 19 ibadət evinə ciddi ziyan dəyib.

  • 68 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Ukraynada 26 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 54 212 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 26 892 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.