Kontentə keç

Solda: Ukraynada zirzəmidə gizlənən bacılar. Sağda: qardaşlar Ukrayna üçün humanitar yardım yığır

23 MART 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (4)

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (4)

Mariupol şəhərindəki bacı-qardaşlar üçün Yehovaya yalvarış duaları etməyə davam edirik. Təəssüf hissi ilə məlumat veririk ki, bombalama zamanı daha altı dindaşımız həlak olub. Ümumilikdə, Ukraynada həlak olan dindaşlarımızın sayı 10-a çatıb. Xəbərlərdə məlumat verildiyi kimi, keçən həftə 1000-dən çox insanın gizləndiyi teatr binası bombalanmaya məruz qalmışdı. Bacı-qardaşlar arasında ölən yoxdur, amma bir neçə nəfər yüngül xəsarət alıb.

750-yə yaxın bacı-qardaş Mariupoldan çıxmağa müvəffəq olub. Ancaq 1600-ə yaxın dindaşımız hələ də oradadır. Onların çoxu hal-hazırda şəhərin Rusiya qoşunlarının nəzarəti altında olan şərq hissəsindədir.

Artıq məlumat verildiyi kimi, 200-ə yaxın bacı-qardaş ibadət evi və Toplantı zalından ibarət kompleksin zirzəmisində gizlənirdi. Onlarla qısa əlaqə yaratmaq mümkün olanda qardaşlar növbəti məlumatı çatdırdılar:

«Bombalanma zamanı bacı-qardaşların çoxu bərk qorxmuşdu. Bəziləri ağlamağa başladı. Çöldən gələn partlayış səslərini eşidəndə qorxduq ki, ya partlayışdan, ya da yanğından ölə bilərik. Bir ağsaqqal nəğmələrimizi oxumağı təklif etdi. Biz bir-birinin ardınca 10—15 nəğmə oxuduq. Partlayış səsləri gücləndikcə, bina daha çox titrədikcə, biz də bir o qədər yüksək səslə oxuyurduq. Sonra 27-ci məzmuru oxuyub müzakirə etdik. Bundan sonra hamı Müqəddəs Kitabdan sevimli ayələrini və bu ayələrin onları necə möhkəmləndirdiyini bölüşdü... “Mərhəmətli Ata və hər cür təsəlli Allahı” olan Yehova bu çətin anımızda bizi bu cür sakitləşdirdi» (2 Korinflilərə 1:3, 4).

Fədakar ağsaqqallar və yerli Zərərçəkənlərə yardım komitəsində xidmət edənlər dindaşlarını axtarır və lazım olanda, hətta öz həyatlarını riskə ataraq, onlara ərzaq və dərman gətirirlər. Şəhərdə dindaşlarını axtararkən özlərini güllələrdən qorumaq üçün bəzən bu qardaşlar yerlə sürünməli olurlar. Dindaşlarından ötrü «canlarını təhlükə altına [atan]» bu qardaşlarımızla fəxr edirik (Romalılara 16:4).

Qaz və işıq olmadığından bütün şəhərdə cəsur bacılar çöldə odda yemək bişirirlər. Daha sonra yeməklər yaşlı və əlil bacı-qardaşlara çatdırılır. Bacı-qardaşların çoxu evlərini, maşınlarını və digər mal-mülklərini itirib, lakin onlar dindaşlarının sevgi və qayğısına görə minnətdardırlar.

Bacılar gizləndikləri zirzəminin girişində yemək bişirir

Sığınacaqlarda olanlar birlikdə Müqəddəs Kitabı araşdırmağa və vəziyyət imkan verəndə Müqəddəs Kitab xəbərini başqaları ilə bölüşməyə çalışırlar.

22 mart 2022-ci il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatları çatdırırıq. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün regionları ilə əlaqə saxlamaq çətindir.

Bacı-qardaşlara təsiri

  • 10 təbliğçi həlak olub.

  • 27 təbliğçi xəsarət alıb.

  • 33 180 təbliğçi evlərini tərk edərək ölkənin daha təhlükəsiz ərazilərinə köçüb.

  • 78 ev dağılıb.

  • 102 evə böyük ziyan dəyib.

  • 484 evə cüzi ziyan dəyib.

  • 1 ibadət evi dağılıb.

  • 4 ibadət evinə böyük ziyan dəyib.

  • 18 ibadət evinə cüzi ziyan deyib.

Yardım işləri

  • Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 25 069 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 14 308 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.