13 APREL 2022
UKRAYNA
Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (6)
Əfsuslar olsun ki, Ukraynada müharibə nəticəsində həyatlarını itirən bacı-qardaşların sayı artaraq 28-ə çatıb.
Xəbərlərdə məlumat verildiyi kimi, Kiyevin yaxınlığında yerləşən şəhərlərdə müharibənin ilk həftələrində şiddətli döyüşlər gedirdi. Orada təxminən 4900 təbliğçi yaşayırdı. Onların 3500-dən çoxu daha təhlükəsiz ərazilərə qaçıb.
Görün bu bacı-qardaşlar şiddətli sınaqlara rəğmən imanda necə möhkəm qalırlar.
Makarov şəhərində yaşayan Aleksandr adlı ağsaqqal daha təhlükəsiz yerə — Ukraynanın mərkəzinə qaça bilmişdi. Amma təbliğ qrupundan olan dörd təbliğçi ilə əlaqə saxlaya bilməyəndə o narahat olmağa başladı və onları tapmaq üçün müharibə zonasına qayıtmaq qərarına gəldi. Qardaş danışır: «Mən başa düşdüm ki, Yehova üçün ən dəyərlisi Onun xidmətçiləridir... Mən bir təbliğçinin evinə yollandım. Ora gəlib çatanda gördüm ki, evin həyətinə bomba düşüb. Zirzəminin qapısı bağlı idi və heç kim mənə hay vermirdi. Ağlıma dəhşətli fikirlər gəldi». Aleksandr zirzəminin qapısını sındıranda qorxu dolu gözlərini ona zilləmiş adamları gördü. Bunlar axtardığı təbliğçilər və onların qonşuları idi.
Zirzəmidə gizlənən təbliğçilərdən biri, Yaroslav, dedi ki, orada səkkiz gün idi gizlənirdilər. O deyir: «Yeməyə bizdə ancaq bir az peçenye var idi. Gün ərzində adama yalnız bir stəkan su içirdik. Buna baxmayaraq, biz hər gün Müqəddəs Kitabı və nəşrlərimizi oxuyurduq və bir-birimizə ürək-dirək verirdik. Çöldən kiminsə məni səslədiyini eşidəndə, elə bildim, əsgərlər məni aparmağa gəlib. Hətta həyatımla vidalaşdım... Sonra gördük ki, bu, Aleksandr qardaşdır və o bizi xilas etdi. Yehovaya necə də minnətdaram ki, bütün bu müddət ərzində bizim üçün dua edən belə sevən ailəmiz və həyatlarını riskə atmağa hazır olan qardaşlarımız var».
Filip və başqa bir qardaş Borodyankada qalan bacı-qardaşlara ərzaq aparmaq qərarına gəldilər. Martın 17-si nəzarət-buraxılış məntəqələrinin birində əsgərlər Filipin maşınını və ərzaqları müsadirə etdilər. Özlərini isə həbs etdilər. Qardaşların əllərini qandallayıb gözlərini bağladılar. Onları zirzəmiyə apardılar və balaca bir otağa saldılar. Həmin otaqda onlardan başqa daha yeddi kişi var idi. İki gündən sonra onları kameraya saldılar. Gecə orada onları döydülər. Filip deyir: «İnanmırdım ki, oradan sağ çıxacağam. Duada bircə onu xahiş edirdim ki, Yehovaya sadiq qalım».
Bir dəfə Filipi döyəndə o, ərzaqsız qalmış yaşlı bacılar və ailəsinin təhlükəsizliyi üçün ucadan dua etməyə, eləcə də xidmətdə keçirdiyi gözəl illərə görə Yehovaya minnətdarlığını bildirməyə başladı. Filipi kameraya gətirəndə o dua etməyə davam edirdi və Yehovadan xahiş etdi ki, əsgərlər onlardan heç bir təhlükə gəlmədiyini başa düşsünlər. Hər iki qardaş qarovulçulara təbliğ etməyə başladı. İki gün onlar növbə ilə qarovul çəkənlərin hamısına təbliğ etdilər. Dustaqlardan biri həqiqətə maraq göstərdi. O, qardaşlara dəstəyə görə təşəkkür etdi. Martın 27-si qardaşları və həqiqətə maraq göstərən həmin kişini buraxdılar.
Buçadan olan subay bacı Svetlana döyüşlərin getdiyi ərazidən iki həftə çıxa bilmirdi. O deyir: «Mən Yehovanın verdiyi sülhün nə qədər vacib olduğunu tam dərk etdim. Allahın sülhü hər vəziyyətdə necə davranmağı bilmək yox, vəziyyətdən çıxış yolu görməyəndə belə Yehovaya tam etibar etmək deməkdir».
Daha təhlükəsiz yerə gedərkən Svetlana yolda bir qadına və onun qohumuna təbliğ etdi. Svetlana mənzil başına çatanda onu dindaşları qarşıladılar. Dindaşları həmin qadını və onun qohumunu da evlərində gecələməyə dəvət etdilər. Növbəti gün qadın yığıncaq görüşünə getmək istədi, həmçinin xahiş etdi ki, ona Müqəddəs Kitab və nəşrlərimizi versinlər. Svetlana o qadınla əlaqə saxlamağa davam edir.
12 aprel 2022-ci il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatları çatdırırıq. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün regionları ilə əlaqə saxlamaq çətindir.
Bacı-qardaşlara təsiri
28 təbliğçi həlak olub.
48 təbliğçi xəsarət alıb.
40 778 təbliğçi evlərini tərk edərək ölkənin daha təhlükəsiz ərazilərinə köçüb.
278 ev dağılıb.
268 evə böyük ziyan dəyib.
746 evə cüzi ziyan dəyib.
1 ibadət evi dağılıb.
9 ibadət evinə böyük ziyan dəyib.
26 ibadət evinə cüzi ziyan dəyib.
Yardım işləri
Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.
41 974 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.
18 097 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.