Kontentə keç

Sağda: humanitar yardım çatdırmaq və bacı-qardaşları təxliyə etmək üçün müntəzəm olaraq döyüş bölgələrinə gedib-gələn qardaşlar. Yuxarıda solda: partlayış dalğası nəticəsində dağılmış ev; ailə bir neçə gün onun zirzəmisində gizlənmişdi

27 APREL 2022
UKRAYNA

Qardaşlar cəsarətlə humanitar yardım çatdırır və dindaşlarını Ukraynadakı döyüş bölgələrindən təxliyə edirlər

Qardaşlar cəsarətlə humanitar yardım çatdırır və dindaşlarını Ukraynadakı döyüş bölgələrindən təxliyə edirlər

24 fevral 2022-ci il tarixində Ukraynada müharibə başladı. Qızğın döyüşlərin getdiyi ərazilərdə hələ də minlərlə Yehovanın Şahidi qalır. Ukraynanın Kremençuq və Poltava şəhərlərindən olan 21 qardaş həyatlarını riskə ataraq bu bacı-qardaşlara humanitar yardım çatdırmaq və təxliyə olunmalarına kömək etmək üçün belə yerlərə səfərlər edirlər.

Altı həftə ərzində qardaşlar təxminən 80 dəfə təhlükəli ərazilərə gedib-qayıdıblar və ümumilikdə, 50 000 kilometrə yaxın yol qət ediblər. Bu cəsur qardaşlar şiddətli döyüşlərin getdiyi Xarkov kimi şəhərlərdə olub və 400-ə yaxın bacı-qardaş çıxarıblar.

Xarkovdan təxliyə edilmiş dindaşlarımız

Qardaşlar indiyədək 23 ton ərzaq, o cümlədən dərman, benzin və digər zəruri əşyalar çatdırıblar. Hər dəfə səfər planlaşdırarkən onlar aktiv döyüş zonalarına düşməmək üçün diqqətlə ən təhlükəsiz marşrut cızırlar. Keçid məntəqələrində aparılan axtarışlara görə gedib-gəlmək 19 saat çəkə bilər.

Qardaşlar deyir ki, başlarının üstündən tez-tez hərbi təyyarələr uçur. Yolda onların rastına dağılmış binalar, tankların qalıqları və yanmış avtomobillər çıxır. Yaxınlıqda bomba partlayanda torpağın silkələndiyini hiss edirlər.

Aprelin 2-si Roman adlı bir qardaş humanitar yardım çatdırmaq üçün Xarkov şəhərinə yola düşməyə hazırlaşırdı. Bu zaman raket hücumu başladı və o, yaxınlıqdakı binada gizləndi. Yarım saatdan sonra gördü ki, gedəcəyi yola bombalar düşüb.

Könüllü sürücülərdən biri Vladimir deyir: «Vəziyyət təhlükəlidir, ona görə də Yehovaya tez-tez dua edib düzgün qərar qəbul etmək üçün hikmət istəyirik».

Aleksandr və həyat yoldaşı Valentina Aleksandrın yaşlı valideynləri ilə birlikdə Xarkovda yaşayırdılar. Döyüşlər zamanı onların evindən cəmi 100 metr aralıda partlayışlar baş verirdi. Maşınları olmadığı üçün ailə şəhəri tərk edə bilmirdi.

Qardaşlar gəlib onları təxliyə etdilər. Aleksandr deyir: «Belə qardaşlarımıza görə Yehovaya duada təşəkkür edirik».

Vasili və həyat yoldaşı Nataliya üç uşağı ilə birgə bir neçə gün evlərinin zirzəmisində gizlənirdilər. Fevralın 29-u evlərinin yaxınlığında bomba partladı. Partlayış dalğası nəticəsində evləri dağıldı. Vasili qulaqbatırıcı partlayış səsi eşitdi, bundan sonra zirzəmidə işıq kəsildi.

Vasili və Nataliya uşaqları ilə birlikdə sonradan partlayış dalğası nəticəsində dağılan evlərinin zirzəmisində

Bir müddətlik ara sakitləşəndə onlar qonşu evin zirzəmisinə keçdilər. Martın 3-ü qardaşlar bu ailəni tapıb ölkənin daha təhlükəsiz bölgəsinə təxliyə etdilər.

Vasili ailəsi ilə təhlükəsiz yerə gəlib çatanda nə hiss etdiyini belə ifadə etdi: «Son bir neçə gün ərzində ilk dəfə idi ki, dinc nahar edir və uşaqlarımızın həyatına görə narahat olmurduq. Yehovaya çox minnətdarıq!»

Sürücülərdən biri, Aleksandr qardaş, deyir ki, bu cür xilasetmə əməliyyatları Yehovanın xalqının bir olmasının bariz sübutudur. O deyir: «Bütün bu hadisələrdən sonra Yehovanın Öz xalqının qayğısına necə qaldığını başa düşdüm. Bacı-qardaşların simasında minnətdarlıq görəndə misilsiz sevinc hissi keçirirəm!»

Biz də bu cəsur qardaşlarımıza ürəkdən minnətdarıq və dua edirik ki, Yehova belə fədakarlığa görə onları mükafatlandırsın (Romalılara 12:10).