23 İYUN 2022
UKRAYNA
Sağ qalmaq uğrunda mübarizəm
Anastasiya Xozyainova Ukraynadakı müharibə zamanı sağ qalmaq üçün apardığı mübarizədən danışır
24 fevral 2022-ci il idi. Səhər gözümü gurultu səslərinə açdım. Bayırda yağış yağdığı üçün əvvəlcə şimşək çaxdığını düşündüm. Əslində isə bu, müharibə səsləri idi.
Başa düşdüm ki, təcili olaraq evdən çıxmalıyam. Mən Mariupolun mərkəzində yaşayırdım. Ertəsi gün şəhərdən aralıda yaşayan İrina nənəmin yanına getdim. Əmim oğlu da nənəmlə qalırdı. Daha sonra anam Katerina da yanımıza gəldi. İlk vaxtlar nənəmin evində təhlükəsizlikdə idik. Amma bəzən orada da bir neçə gün zirzəmidə gecələməli olurduq.
Bir dəfə bağımıza mərmi düşdü. Həmin vaxt biz zirzəmidə gizlənmişdik. Partlayış səsindən qulağımız tutuldu. Yehovaya hərarətli dualar edirdim. Bir həftə keçəndən sonra anladıq ki, burada qalmaq da təhlükəlidir. Ona görə də şəhərdən çıxmağın bir yolunu tapmaq üçün şəhərin mərkəzinə getdik. Mən Yehovaya yalvarırdım ki, bizi qorusun və şəhərdən çıxmağımıza kömək etsin.
Martın 4-də səhər saatlarında Mariupolun mərkəzinə gəldik. Amma məlum oldu ki, şəhər mühasirədə olduğu üçün qatar işləmir. Beləliklə, biz növbəti 10 günü teatr binasına sığındıq. Orada bizdən başqa yüzlərlə adam gizlənmişdi. Zirzəmidə o qədər sıxlıq idi ki, yerdə yatmalı olurduq. Orada antisanitar şəraitdə qalırdıq. Yemək və isti su tapmaq çox çətin idi. Bunun üçün saatlarla növbədə gözləməli olurduq.
Bir gün teatr binasının düz yanına bomba düşdü. Partlayış o qədər güclü idi ki, pəncərələrin çoxu uçub dağılmışdı. Soyuğun qabağını ala bilmirdik.
Bilirsiniz, mənə bu çətin vaxtda nə kömək etdi? Əyyubun əhvalatı. İnsanların partlayışlardan çaxnaşdığını görəndə Müqəddəs Kitabımdan Əyyubun hekayəsini oxudum. Bundan sonra ürəyimə sakitlik çökdü. Təsəvvür etdim ki, mən Əyyubla bu teatrda oturmuşam. Ona belə deyərdim: «İndi səni çox yaxşı başa düşürəm!» Əyyub hər şeyini — ailəsini, sağlamlığını, əmlakını itirmişdi. Bəs mən? Mən isə təkcə maddi şeylərimi itirmişdim. Doğmalarım yanımda idi, hamımız sağ-salamat idik. Başa düşdüm ki, qorxmağa dəyməz.
14 martda xəbər tutduq ki, bir qrup insan şəhərdən qaça bilib. Biz də qaçmaq qərarına gəldik. Teatrdakılarla birlikdə nəqliyyat tapa bildik.
Avtomobil karvanımız 20 maşından ibarət idi. Balaca yük maşınının arxasında on dörd nəfər idik, biz bir-birimizə söykənərək uzanmışdıq. Bütün yolu başımızın üstündən bombalar uçuşurdu. Durmadan dua edirdim. Mariupoldan sağ-salamat çıxanda sürücümüz maşını saxlayıb düşdü və onu ağlamaq tutdu. O, yolun kənarındakı bütün minalardan keçə bilmişdi. Öyrəndik ki, biz qaçandan iki gün sonra teatr bombardman edilib, azı 300 nəfər həlak olub.
13 saatdan sonra Zaporojiyeyə çatdıq. Səhəri gün Lvova gedən qatara mindik. Adətən cəmi dörd nəfərin olduğu kupeyə 16 nəfər minmişdik. Bürkü idi. Demək olar ki, bütün yol boyu dəhlizdə dayandım. Təmiz hava almaq üçün yeganə yer bura idi. Martın 16-da biz Lvova çatdıq. Əziz bacı-qardaşlarımız bizi çox mehriban qarşıladı. Növbəti dörd günü ibadət evinə sığındıq. Bacı-qardaşların qayğısı məni çox kövrəldirdi. Bütün bunlar Yehovanın lütfü idi.
Martın 19-da biz Ukraynanı tərk edib, Polşaya getmək qərarına gəldik. Burada da məni, anamı, nənəmi və əmim oğlunu bacı-qardaşlarımız qarşıladı. Bizi lazım olan hər şeylə təmin etdilər. Biz bacı-qardaşlar tərəfindən sevgi və qayğı ilə əhatə olunmuşduq.
Mənim cəmi 19 yaşım var, amma bütün bu çətinlikləri yaşadıqdan sonra anladım ki, dinclik vaxtı iman yetişdirmək çox vacibdir. Çünki iman adama sağ qalmağa kömək edir. Müharibədən əvvəl fərdi mütaliə etməsəydim, bu sınaqlara tab gətirmək mənim üçün çox çətin olardı.
Yehova qayğıkeş Atadır. Bütün bu müddət ərzində mənə elə gəldi ki, O, sağ əli ilə əlimdən bərk-bərk tutub, məni bütün çətinliklərin içindən çıxarır. Yehovanın mənim üçün etdiklərinin əvəzini heç vaxt ödəyə bilmərəm (Əşiya 41:10).