Kontentə keç

12 DEKABR 2019
UKRAYNA

Ukrayna Ali Məhkəməsi ibadət evindən istifadə etmək hüququnu müdafiə edib

Ukrayna Ali Məhkəməsi ibadət evindən istifadə etmək hüququnu müdafiə edib

Dörd il davam edən mübarizədən və məhkəmə çəkişmələrindən sonra Yehovanın Şahidlərinə Ukraynanın Tetiyev şəhərində yerləşən və onlara məxsus olan ibadət evindən istifadə etməyə icazə verilib. Qardaşlar ibadət evinin tikintisini 2014-cü ilin dekabr ayında bitirsələr də, Dövlət Memarlıq-Tikinti Şurasının daimi müdaxiləsi ucbatından ondan istifadə etmək mümkün deyildi: şura altı dəfə istismar icazəsi verməkdən imtina edib, yığıncağı böyük məbləğdə dəfələrlə cərimə edib və tikintinin başa çatmasına az qalmış hətta tikintiyə verilən icazəni ləğv edib.

10 oktyabr 2018-ci il tarixli qərarı ilə Ukrayna Ali Məhkəməsi qardaşlarımızın tikinti qanunvericiliyini pozmadığını müəyyən edib. Məhkəmə təkrarən qeyd edib ki, ibadət evi tikmək hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur. 28 mart 2019-cu il tarixində Dövlət Memarlıq-Tikinti Şurasına təyin edilmiş yeni şöbə müdiri qardaşlara binanın istismara verilməsinə icazə verib. Yığıncaq elə həmin ay orada ilk görüşünü keçirib.

2019-cu il noyabrın 2-si qardaşlar açıq qapı günü keçirib. Tədbirdə şəhər və rayon rəsmiləri, eləcə də yerli sakinlər iştirak edib. Tetiyev Rayon Dövlət İnzibati İdarəsinin baş memarı Anatoli Fyodoroviç Zavalnyuk deyib: «Siz tikinti və qanun normalarından və təsdiq olunmuş layihədən kənara çıxmamısınız. İbadət evi bu küçəyə və şəhərin bu hissəsinə gözəllik qatır. Gözəl işinizə görə sizə minnətdaram».

Biz Tetiyev şəhərindəki bacı-qardaşlarımızın sevincinə şərikik. Necə də xoşdur ki, indi onlar bu ibadət evindən Yehova Allahımızı tərənnüm etmək və Ona həmdlər ucaltmaq üçün istifadə edəcəklər (Zəbur 69:30).