21 APREL 2021
VENESUELA
2021-ci ilin anma mərasimi. Venesuela
Çətinliklərə rəğmən Venesueladakı bacı-qardaşlar anma mərasimini qeyd edib
Venesueladakı bacı-qardaşlar ciddi maliyyə böhranı, iğtişaşlar, eləcə də COVID-19 pandemiyası kimi çoxsaylı çətinliklərlə üzləşirlər. Buna baxmayaraq, onlar nəinki İsa Məsihin ölümünü anma mərasimini qeyd etməyin yollarını tapdılar, hətta başqalarını da bu vacib mərasimə dəvət etdilər.
Məsələn, anma mərasiminə iki həftə qalmış Kolumbiya ilə sərhəddə yerləşən La-Viktoriyada (Apure ştatı) silahlı qarşıdurma baş vermişdi. Yerli yığıncağın bütün təbliğçiləri Kolumbiyaya qaçmalı oldular. Kolumbiyadakı Araukito yığıncağı Venesueladan gələn bacı-qardaşlara anma mərasiminə onlayn qoşulmağa kömək etdi.
Falkon ştatında bir yığıncağın təbliğçiləri telefon bağlantısı və internetin zəif olduğu bir ərazidə yaşayır. Bu səbəbdən yığıncağın 70 təbliğçisi anma mərasiminin nitqinə ratsiya vasitəsilə qulaq asdı.
Bir bacı deyir: «Biz bir-birimizi görə və qucaqlaya bilməsək də, bir-birimizin səsini eşidirdik. Elə bil hamımız bir yerdə toplaşmışdıq».
Anma mərasimindən bir neçə gün əvvəl yığıncaqlar ölkənin ucqar ərazilərindən insanları mərasimə dəvət etmək üçün xeyli səy göstərmişdilər. İnsanların nitqə qulaq asa bilmələri üçün müxtəlif üsullardan istifadə edildi. 3000-dən çox dəvətnamə göndərilmişdi. Bacı-qardaşların əməyi boşa çıxmadı. Arayanın sahilyanı bir şəhərində yüzdən çox insan anma mərasiminin nitqinə telefon vasitəsilə qulaq asdı.
Venesuela filialı anma mərasiminin proqramının 82 radiostansiya və doqquz televiziya kanalı vasitəsilə yayımını təşkil etdi. Bunun sayəsində ən azı 8000 təbliğçi və dəvət olunmuş insan anma mərasimində iştirak edə bildi. Proqram quaxibo, pemon, piaroa, pume, varrau, quaxiro və yekuana kimi bir neçə yerli dildə yayımlandı.
Quasipati şəhərində (Bolivar ştatı) anma mərasiminin nitqi yerli radio vasitəsilə 18:30-da yayımlanmalı idi. Əfsuslar olsun ki, həmin şəhərdə işıq tez-tez sönür. Bu səbəbdən kimlərinsə nitqi tam dinləməsi mümkün olmayacaqdı. Amma radiostansiyadakı texniki problemlərə görə nitq gecəyə kimi on dəfədən çox yayımlandı. Nəticədə, dinləyicilər nitqə müxtəlif saatlarda qulaq asa bildilər. Təxmini hesablamalara görə, nitqə 600 nəfər qulaq asdı. Bir qardaş deyir: «Yehova istəmədi ki, bir nəfər də olsun bu xüsusi nitqi buraxsın!»
Bacı-qardaşlar Yehovanın onların anma mərasimini qeyd etmək səylərinə xeyir-dua verdiyinə görə çox sevinirlər (1 Butrus 1:6, 7).