Kontentə keç

5 NOYABR 2021
VENESUELA

Venesuela jest dilində Müqəddəs Kitabın ilk bölmələri buraxıldı

Venesuela jest dilində Müqəddəs Kitabın ilk bölmələri buraxıldı

2021-ci il oktyabrın 30-u Venesuela jest dilində «Mətta» və «Yəhya» kitablarının buraxılışı barədə elan edildi. Yazıya alınmış xüsusi proqrama 2200-dən çox bacı-qardaş baxdı. Bölmələrin buraxılışı barədə elanı Venesuela filialının komitə üzvü Migel Gilyen səsləndirdi. 2006-cı ildən filialda Venesuela jest dilinə 7000-ə yaxın Müqəddəs Kitab ayəsi tərcümə edilib. Amma Müqəddəs Kitabın tam bölmələri bu dildə ilk dəfədir ki çıxır.

Tərcümə ofisinin içi

Tərcüməçilər ilk növbədə «Mətta» və «Yəhya» kitablarını tərcümə etdilər, çünki İsanın həyatından bəhs edən bu kitablar insanlara yaxşı tanışdır və nəql formasında olmaları sayəsində onları tərcümə etmək asandır.

Venesuelada Jest dilində ilk yığıncaq 2003-cü ildə ölkənin qərbində yerləşən Kabimas şəhərində yaradılmışdı. Bu gün bütün ölkədə jest dilində 53 yığıncaq var, onlarda 1204 təbliğçi xidmət edir. Venesuelada yaşayan kar insanlar Müqəddəs Kitab həqiqətlərini öyrənmək istəyirlər, ancaq onlar Venesuela jest dilindən xeyli fərqlənən ispan jest dilini çətin başa düşürlər.

Bir rayon nəzarətçisi deyir: «Bir kar kişi ispan dilində Müqəddəs Kitab əldə etdi və onu oxumağa çalışdı, amma heç nə başa düşmədi. O, Allaha yalvarıb kömək istədi... Bir nəfər ona deyəndə ki Müqəddəs Kitabı Venesuela jest dilində öyrənə bilər, o, bu təklifi dərhal qəbul etdi».

Tərcümənin üzərində on ay ərzində altı tərcüməçi işləmişdi. Tərcümənin keyfiyyətini yoxlamaqda qrupa ölkənin müxtəlif bölgələrindən yeddi kar qardaş kömək edirdi. Bunun sayəsində tərcüməçilər dildəki fərqləri nəzərə alaraq tərcüməyə lazımi dəyişikliklər etmişlər.

COVID-19 pandemiyasına görə tərcüməçilər ayrı-ayrı məkanlarda videokonfrans vasitəsilə işləməli olmuşlar. İnternet bağlantısının zəif olması işi çətinləşdirirdi. Bir tərcüməçi deyir: «Asan deyildi, amma Yehovanın köməyi ilə bütün çətinlikləri aşdıq».

Dua edirik ki, Venesueladakı bütün bacı-qardaşlar «saflaşdırılmış gümüşə» bənzəyən Allahın Kəlamının doğma dillərinə tərcüməsindən faydalansın (Zəbur 12:6).