Kontentə keç

30 AVQUST 2017
VENESUELA

Venesueladakı iqtisadi böhrana baxmayaraq, Yehovanın Şahidləri Müqəddəs Kitab maarifləndirməsini dayandırmır

Venesueladakı iqtisadi böhrana baxmayaraq, Yehovanın Şahidləri Müqəddəs Kitab maarifləndirməsini dayandırmır

NYU-YORK. Beynəlxalq kütləvi informasiya vasitələri xəbər verir ki, iqtisadi böhran ucbatından Venesuelada vəziyyət günü-gündən pisləşir. Venesuela filialı iman bacı-qardaşlarımızın da bu böhrandan əziyyət çəkdiyini bildirir. Yehovanın Şahidlərinin Rəhbərlik Şurası bu xəbərlərə görə olduqca nigarandır.

Silahlı cinayətkarlar elektron cihazları və digər dəyərli əşyaları oğurlamaq məqsədilə həftəlik görüşlər keçirilən zaman ibadət evlərinə bir neçə dəfə basqın edib. Bundan başqa, bəzi hallarda zorakı iğtişaşlara görə ibadət evlərində yığışmaq mümkün olmadığı üçün yığıncaqlar şəxsi evlərdə keçirilib. Bir sıra bacı-qardaşlarımız iş yerləri bağlandığı üçün işsiz qalıb. Şəxsi biznesi olan bəziləri isə cinayətkarların və quldurların əlindən xilas olmaq üçün bizneslərini satıb və başqa ölkəyə qaçıblar. Təəssüf ki, ötən bir neçə il ərzində fidyə qarşılığında ən azı 680 bacı-qardaşımız qaçırılıb, 13146-dan çoxu silahlı soyğunun qurbanı olub, 144-ü isə təcavüzə və ya təcavüz cəhdinə məruz qalıb. 10 avqust 2017-ci il tarixli hesabata əsasən, 47 bacı-qardaşımız faciəli şəkildə qətlə yetirilib. Bəziləri isə vaxtında lazımi tibbi yardım almadıqları üçün həlak olub.

Rəhbərlik Şurası bu vəziyyətlə yaxından maraqlanır və zəruri yardım vəsaitlərinə ehtiyac duyan bacı-qardaşlarımıza kömək etmək üçün könüllü ianələrdən istifadə edir. Onlar həmçinin Venesueladakı bacı-qardaşlarımıza ən müvafiq yardımı müəyyənləşdirmək üçün başqa ölkələrdəki filiallarla əlaqə saxlayır. Çünki birbaşa yardım etmək üçün təkbaşına göstərilən cəhdlər təhlükəli ola bilər.

Venesuela filial komitəsi bacı-qardaşlarımıza lazımi qayğını göstərmək üçün bütün ölkədə 24 alt komitəyə nəzarət edən təcili hallara dair yardım komitəsi təsis etdi. Venesueladakı 149 000-dən çox təbliğçi «axırzamanda» məruz qaldıqları ağır sınaqlara dözüm göstərməklə yanaşı, Müqəddəs Kitabın təsəlliverici xəbərini başqaları ilə bölüşmək üçün də səylə çalışırlar (2 Timutiyə 3:1—5; 4:2). Venesuela filialının nümayəndəsi Luis Navas bölüşür: «Ruhani cəhətdən heç vaxt bu qədər tərəqqi etməmişdik. Yığıncaq görüşlərinə gələnlərin sayı artıb. Əksər təbliğçilərimiz daimi öncül kimi xidmət edir və təbliğdə olarkən ehtiyatı əldən vermirlər. İnsanlar bilir ki, biz qəti bitərəfik və ölkədə tüğyan edən cinayət işləri ilə heç bir əlaqəmiz yoxdur. Buna görə də onlar bölüşdüyümüz Müqəddəs Kitaba əsaslanan ümid və təsəlli xəbərinə hay verirlər».

Venesueladakı Yehovanın Şahidləri bir-birinin qeydinə qalmağa və başqalarına təsəlli verməyə davam edəcək. Bütün dünyadakı iman bacı-qardaşları daima onlara dəstək olacaq və onlar üçün dua edəcək (Romalılara 12:12, 13; 2 Korinflilərə 1:3, 4).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Venesuela: Luis Navas, tel.: +582444005000