Kontentə keç

Venesueladakı bacı-qardaşlarımız təbliğdə və teokratik tədbirlərdə iştirak etməyin sayəsində ruhani cəhətdən möhkəm qalırlar.

5 NOYABR 2018
VENESUELA

Venesueladakı dindaşlarımız iqtisadi böhrandan əziyyət çəkir

Venesueladakı dindaşlarımız iqtisadi böhrandan əziyyət çəkir

Venesuelada artan iqtisadi böhran bacı-qardaşlarımızdan təsirsiz ötüşmür. Venesueladakı filial hər həftə cinayətkarlığın qurbanı olan təbliğçilər haqda məlumat alır. Həmçinin böhran nəticəsində ölkədə bir sıra ibadət evi talan edilib. Dindaşlarımız hiperinflyasiya, eləcə də qida, dərman və digər zəruri şeylərin çatışmazlığı ucbatından əziyyət çəkir. 2013-cü ildən bəri 20000-dən çox təbliğçi Argentina, Braziliya, Çili, Kolumbiya, Ekvador, İtaliya, Peru, Portuqaliya, İspaniya, Birləşmiş Ştatlar da daxil olmaqla, başqa ölkələrə qaçıb canlarını qurtarıblar a. Venesuelada yaşayan təxminən 140000 Yehovanın Şahidi çətin vəziyyətə baxmayaraq, Yehovaya xidmətdə qətiyyət göstərirlər.

Venesueladakı filial ölkə daxilində yardım işləri təşkil etməyə davam edir. Hal-hazırda bacı-qardaşlarımızı ilk növbədə ərzaqla təmin edən 60 yardım komitəsi var. Bu günə kimi Venesuela filialı Braziliya filialının köməyi ilə 1497 yığıncağa məxsus 64000-dən çox təbliğçini ianə edilən yüzlərlə ton ərzaqla təmin edib.

Venesuela filialı həmçinin bacı-qardaşlarımızın ruhani tələbatını da ödəməyə davam edir. Bu yay bütün ölkədə «Cəsur ol!» adlı 122 regional toplantı keçirilib. Onlardan axırıncısı 2018-ci il sentyabrın 2-i baş tutub. Çoxlu bacı-qardaşlarımız toplantılarda iştirak etmək üçün maddi cəhətdən çətinlik yaşasalar da, aldıqları ruhani qidadan xeyli ruhlanıblar.

Venesueladakı Yehovanın Şahidləri ölkədə çətinliklə üzləşən insanlara Müqəddəs Kitab vasitəsilə təsəlli verir. Təbliğçilər hər ay 200000-ə yaxın insana Müqəddəs Kitab dərsi keçir. Həmçinin ibadət görüşlərinə yeni gələn insanların sayı artıb və 7259 nəfər vəftiz olunub.

Bu müsbət ruhani tərəqqi Yehovanın venesuelalı bacı-qardaşlarımıza Öz ruhu vasitəsilə güc verdiyini sübut edir. Dua edirik ki, Yehovanın Padşahlığı bütün çətinlikləri aradan qaldırana qədər bacı-qardaşlarımız Ona etibar etməkdə əzmli olsunlar (Məsəllər 3:5, 6).

Venesueladakı vəziyyətlə bağlı ətraflı məlumat almaq üçün «Venesuela. Çətin anlarda məhəbbət və iman» adlı videoya baxın.

a İqtisadi, sosial və siyasi böhran zamanı hər bir təbliğçi yaşadığı ölkəni tərk edib-etməyəcəyinə dair özü qərar verməlidir. Təşkilat təbliğçinin bu məsələ ilə bağlı qərarına qarışmır (Qalatiyalılara 6:5).