Kontentə keç

Yehovanın Şahidləri Osaka (sol) və Tokioda (sağ yuxarı və aşağı) keçirilən xüsusi kampaniyada iştirak edirlər

30 İYUL 2024
YAPONİYA

Osaka və Tokioda keçirilən xüsusi kampaniyaya yeddi ölkədən dəstək

Osaka və Tokioda keçirilən xüsusi kampaniyaya yeddi ölkədən dəstək

2024-cü il 13 may — 2 iyun tarixində Yaponiyanın Osaka və Tokio şəhərlərində keçirilən xüsusi kampaniyada ölkənin digər ərazilərindən olan minlərlə bacı-qardaş iştirak etmişdir. Üstəlik, kampaniyaya dəstək olmaq üçün Avstraliya Kanada, Fransa, Almaniya, Yeni Zelandiya, Cənubi Koreya və Birləşmiş Ştatlardan 350-ə yaxın Yehovanın Şahidi dəvət olunmuşdu.

Tokio və Osakada ümumilikdə 15 milyondan çox insan yaşayır. Yerli ərazidəki bacı-qardaşlarımız köməyə gələn dindaşlarımızla birlikdə ictimai təbliğin müxtəlif növlərində iştirak etdilər. Onlar təbliğ etdikləri insanlarla xoş söhbətlər etmiş və bir neçə Müqəddəs Kitab dərsinə başlaya bilmişdilər.

Avstraliyadan olan bacı Yaponiyadan olan bacı ilə birgə təbliğ edir

Ədəbiyyat arabası ilə xidmət edəndə bir bacımız dua etmişdi ki, Allahın Kəlamına marağı olan bir nəfərlə söhbətə başlaya bilsin. Çox keçməmiş bir kişi arabaya yaxınlaşır və Müqəddəs Kitab haqda daha çox öyrənmək istədiyini deyir. Kişinin ana dili çin dili olduğu üçün bacı çindilli qardaşın onu ziyarət etməsi üçün tədbir gördü. Elə ilk söhbətdən cəmi iki gün sonra kişi ibadət görüşünə gəlmişdi.

Ev-ev təbliğ edən bir bacı bir qadına «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosunu göstərmişdi. Videoya baxdıqdan sonra qadın demişdi: «Bu videoda verilən bütün suallar məni narahat edir!» Qadın böyük həvəslə Müqəddəs Kitab dərsi keçməyə razılaşmış və növbəti ibadət görüşünə gəlmişdi.

Osakadakı Honmaçi yığıncağından olan bacı-qardaşların qonaqlarla birgə kampaniyadan öncə keçirdikləri şənlik

Kampaniya sayəsində dindaşlarımız beynəlxalq qardaşlığın necə möhtəşəm bir şey olduğunu bir daha dada bildilər. Tatsunodan (Yaponiya) olan 20 yaşlı Aika bacı belə deyir: «Unudulmaz anlar yaşadım. Bu kampaniyada iştirak etmək imkanım olduğuna görə Yehovaya çox minnətdaram». Yerli ərazidə xidmət edən Akihiro adlı bir ağsaqqal bölüşür: «Digər ölkələrdən olan bacı-qardaşlarımızla çiyin-çiyinə xidmət etmək bizi çox ruhlandırdı. Bu kampaniya bizim xidmətimizə bol-bol sevinc qatdı».

Bu xüsusi kampaniya zamanı hazırlıq ruhu göstərib «uca səslə hayqıraraq Yehovanı mədh» edən saysız-hesabsız dindaşımıza çox minnətdarıq (Zəbur 110:3; Üzeyir 3:11).