Kontentə keç

26 NOYABR 2014-CÜ İL
YAPONİYA

Yehovanın Şahidləri Hirosimada palçıq seli nəticəsində zərər çəkənlərə kömək edirlər

Yehovanın Şahidləri Hirosimada palçıq seli nəticəsində zərər çəkənlərə kömək edirlər

EBİNA, Yaponiya. Xirosimada yağan leysan yağışları 2014-cü il avqustun 20-si səhər-səhər güclü torpaq sürüşməsinə səbəb olub. Bu fəlakət nəticəsində 74 nəfər həlak olub, 1600-dən çox insan isə ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Yehovanın Şahidlərinin Yaponiya filialı Şahidlərdən ölən və yaralananların olmadığını, ancaq 8 evin zədələndiyini xəbər verir.

Hirosimada zədələnmiş evin içi.

Cəmi üç saat ərzində təxminən 220 millimetr miqdarında düşən yağıntı böyük fəsadlar törədib. Bu səbəbdən dövlət xilasetmə işlərinə başlayıb. Yehovanın Şahidlərinin Yaponiya filialı dərhal təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil etdi və təmizlik işlərini Yehovanın Şahidlərindən ibarət könüllülərə tapşırdı. Könüllülər cərgəyə düzülüb vedrələri bir-birinə ötürərək evləri palçıq və qumdan təmizlədilər. Onlar həmçinin istifadəyə yararlı əşyaları bir kənara yığdıqdan sonra təmizlədikləri yerləri dezinfeksiya etdilər.

Yehovanın Şahidləri evi lildən, palçıqdan təmizləyirlər.

«Yomiuri Şimbun» adlı milli qəzetdə bu fəlakətdən sağ çıxmış Yehovanın Şahidi olan bir qadın haqqında yazılmışdı. Qəzetin verdiyi xəbərə görə, Asaminami rayonunun Naqi məhəlləsində yaşayan Kayoko Nakamizo evindən çıxa bilmiş, sonra isə «bütün qapıları döyərək qonşuların sağ-salamat olduğunu yoxlamışdı». Bunun sayəsində Kayoko bir qonşusunu xilas etmiş, digərlərinə isə təhlükəli ərazini tərk etməyə kömək etmişdi.

Yehovanın Şahidlərinin Yaponiyadakı nümayəndəsi İçiki Masunaqa demişdi: «Palçıq seli nəticəsində zərər çəkənlərin dərdinə şərikik. Vəziyyətin ağır olmasına baxmayaraq, biz ruhdan düşmürük, insanlara kömək etmək və təsəlli vermək üçün əlimizdən gələni edirik».

Əlavə məlumat:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Yaponiya: İçiki Masunaqa, tel.: +81 46 233 0005