Kontentə keç

14 NOYABR 2022
ZAMBİYA

Mbunda dilində «İncilin Yeni Dünya Tərcüməsi» çıxdı

Mbunda dilində «İncilin Yeni Dünya Tərcüməsi» çıxdı

5 noyabr 2022-ci ildə Zambiya filialının komitə üzvü Sefas Kalinda «İncilin Yeni Dünya Tərcüməsi»nin çıxdığını elan etdi. İncilin buraxılışı barədə elan əvvəlcədən yazıya alınmış proqramda səsləndi və proqrama 1500-dən çox insan qulaq asdı. Elandan dərhal sonra kitabı elektron formatda yükləmək mümkün oldu. Kitabı çap formatda isə 2023-cü ilin yanvar ayında əldə etmək mümkün olacaq.

Mbunda dilində əsasən Anqola və Zambiyada danışılır. Yehovanın Şahidləri mbundadilli insanlara ilk dəfə müjdəni 1930-cu illərdə Şimali Rodeziyada (indiki Zambiya) təbliğ ediblər. 2014-cü ildə Mbunda tərcümə qrupu yaradıldı. Tərcümə ofisi Zambiyanın qərb əyalətindəki Monqu şəhərində yerləşir.

Lozi və Mbunda tərcümə ofisi (Zambiya, Monqu)

«İncilin Yeni Dünya Tərcüməsi»ndən əlavə mbunda dilində Müqəddəs Kitabın yalnız bir tərcüməsi var. Amma bu kitab həm bahadır, həm də dili qəlizdir. Mbunda dilində «İncilin Yeni Dünya Tərcüməsi» çıxmazdan əvvəl mbundadilli Yehovanın Şahidləri Müqəddəs Kitabın digər dillərdə olan «Yeni Dünya Tərcüməsi»ndən istifadə edirdilər.

Yeni kitabla bağlı bir tərcüməçi deyir: «Bu, təbii, aydın, oxunaqlı kitabdır, amma ən əsası orada Müqəddəs Kitab təlimləri dəqiq tərcümə olunub».

Müqəddəs Kitabın köhnə tərcüməsindən istifadə edərkən bəzi çətinliklər yaranırdı. Bu barədə bir tərcüməçi deyir: «Köhnə tərcümədə Yehovanın adı yoxdur. Onun əvəzində “Ustadımız Rəbb” ifadəsindən istifadə olunur. Buna görə camaata Allahın adını açıqlamaq çətin idi. Amma “İncilin Yeni Dünya Tərcüməsi”ndə Allahın adı 237 dəfə yazılıb».

Əminik ki, bu yeni tərcümə sayəsində mbundadilli bacı-qardaşlarımız Yehovaya daha da yaxınlaşacaq və imanlarını möhkəmləndirəcəklər (Yaqub 4:8).