20 APREL 2022
ZİMBABVE
İncilin «Yeni Dünya Tərcüməsi» indi Zimbabve çitonqası dilində
2022-ci il aprelin 10-u Zimbabve filialının komitə üzvü Con Hunquka Zimbabve çitonqası dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin elektron formatda buraxılışını elan etdi. Qabaqcadan yazıya alınmış proqrama 500-ə yaxın adam baxdı. Çap formatda kitabı 2022-ci ilin iyul ayında əldə etmək mümkün olacaq.
Çitonqa dilində, əsasən, tonqa xalqı danışır. Tonqa xalqı Zambiyanın cənub və qərb əyalətlərində, eləcə də Zimbabvenin şimalında yaşayır. Zambiya çitonqasında Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» 2014-cü ildə dərc edilib. Amma Zimbabve çitonqasında indiyə qədər Müqəddəs Kitab tərcüməsi olmayıb. Əvvəllər Zimbabve çitonqasında danışanlar Zambiya çitonqasında Müqəddəs Kitab tərcüməsindən istifadə etməli olurdular.
Hər iki çitonqa dili bir-birinə çox oxşasa da, müəyyən söz və ifadələrin mənası kəskin şəkildə fərqlənir. Məsələn, Zambiya çitonqasında İncilin «Yeni Dünya Tərcüməsi»nin 1 Yəhya 3:17 ayəsində deyilir ki, məsihi «korluq çəkən qardaşından» şəfqətini əsirgəməməlidir. Amma Zimbabve çitonqasında eyni ifadə «dəli olan qardaşından» kimi başa düşülür. Tərcümə qrupu burada oxucuların mənasını düzgün başa düşəcəkləri söz qoyublar.
Tərcüməçilərdən biri deyib: «Əvvəllər xidmətdə ayələrdəki sözlərin mənasını izah etməli olurdum və bu, çox vaxt aparırdı. İndi ayəni oxumaq kifayətdir, qalanı Müqəddəs Kitabın öhdəsinə düşür».
Zimbabve çitonqasında danışan dindaşlarımızın sevincinə biz də şərikik. Ümid edirik ki, bu yeni tərcümə sayəsində daha çox səmimi-qəlbli insan həyat yoluna qədəm qoyacaq (Zəbur 16:11).