Kontentə keç

22 MAY 2024
ZİMBABVE

Xüsusi təbliğ kampaniyası zamanı çitonqadilli (Zimbabve) əhaliyə xoş xəbər çatdırılır

Xüsusi təbliğ kampaniyası zamanı çitonqadilli (Zimbabve) əhaliyə xoş xəbər çatdırılır

2024-cü il 13—27 aprel tarixlərində Zimbabvenin dörd bir yanından Yehovanın Şahidləri çitonqa (Zimbabve) dilində təbliğ kampaniyasına qatıldı. Zimbabvedə 300 000-ə yaxın çitonqadilli (Zimbabve) insan yaşayır. Onlardan əksəriyyəti ölkənin şimal-qərbində yerləşən Binqa vilayətinin ucqar ərazilərində məskunlaşıblar. Çitonqadilli (Zimbabve) səkkiz yığıncaqda cəmi 300 təbliğçi olduğundan xoş xəbərin hər kəsə çatdırılması çətindir.

Bu xüsusi təbliğ kampaniyası zamanı xeyli insan xoş xəbərə hay verdi. Bir yığıncağın ilk həftəsonu görüşünə Müqəddəs Kitab dərslərinə maraq göstərən 77 insan gəldi. Növbəti həftəsonu görüşə isə 126 nəfər gəldi. Ümumilikdə 2000-dən çox adam Müqəddəs Kitab dərsinə başladı.

Təbliğ zamanı qardaşlarımız bir evə yaxınlaşdılar. Onları bir qadın və uşaqları qarşıladı. Təbliğçilər qadına ailə başçısı ilə danışmaq istədiklərini dedilər. Qadın yoldaşını çağırdı və o gələndə özünü kənd rəisi kimi təqdim etdi. Qardaşların əvvəlcə ev yiyəsi ilə danışmaq istəmələri kişinin xoşuna gəldi. O, sevincək çitonqa (Zimbabve) dilindəki Müqəddəs Kitabını gətirdi və qardaşlar ona Müqəddəs Kitab dərslərinin necə keçirildiyini göstərdilər. Onunla Müqəddəs Kitab dərsinə davam etmək üçün tədbir görüldü. Kişi onun nəzarəti altında olan digər ərazilərdə də təbliğ etmək üçün qardaşlara icazə verdi.

İki qardaşımız şəhərdə bir kişiyə təbliğ edəndə o özünü Yehovanın Şahidi kimi təqdim etdi. Kişi izah etdi ki, atası 1993-cü ildə Yehovanın Şahidləri ilə tanış olub və Müqəddəs Kitabı öyrənməyə başlayıb. Lakin sonradan bir neçə dəfə yaşayış yerlərini dəyişdikləri üçün onlar Şahidlərlə əlaqəni itiriblər. Ertəsi gün qardaşlar kişinin atası ilə tanış olmaq üçün bir saat yarım yol qət etdilər. Qardaşları görən atanın sevinci yerə-göyə sığmadı. O dedi ki, həmin gün yoldaşı ilə birgə Yehovanın Şahidlərinin onları ziyarət etmələri üçün dua etmişdilər. Onlar ailəlikcə Müqəddəs Kitabı öyrənməyə razılaşdılar və hamısı həftəiçi yığıncaq görüşündə iştirak etdi. Onlar hətta bir qonşularını da yığıncağa gətirmişdilər.

Bacı ictimai su kranının yanında bir qadına müjdəni çatdırır

Alisiya adlı bacı yaşlı bir qadını ibadət görüşünə dəvət etdi. O, dəvəti məmnuniyyətlə qəbul etdi. Bacımız qadını götürməyə gedəndə gördü ki, o, bir tanışını da onlarla birgə getməyə dəvət edib. Görüşdən sonra yaşlı qadın dedi: «Açıq-aydın görmək olar ki, Allah sizinlədir. İnsanların mənə göstərdiyi məhəbbət və isti münasibətə görə bura yenə gəlmək istəyirəm ».

Bu kampaniyadan belə gözəl nəticələr əldə etdiyimiz üçün Zimbabvedəki bacı-qardaşlarımızla birgə sevinirik. Bu bizə bir daha xatırladır ki, gücümüzü əsirgəmədən dünyanın hər bir yerində əkdiyimiz toxumlar cücərəcək (Vaiz 11:6).