18 NOYABR 2022
ZİMBABVE
Zimbabve Ali Məhkəməsi Yehovanın Şahidlərinin dini haqlarını müdafiə etdi
29 sentyabr 2022-ci il tarixində Mutaredəki Zimbabve Ali Məhkəməsi Tobias Qabaza, Vonder Müpoşeri və Cabulani Sitole qardaşın lehinə qərar verdi. Bu qardaşlar əqidələrinə zidd olan dini mərasimdə iştirak etmədiklərinə görə pis rəftara məruz qalmışdılar.
2020-ci ilin oktyabr ayında bu üç qardaş məhkəmə qarşısına çıxmalı oldu. Səbəb o idi ki, kənddə məsul bir şəxs qardaşların yerli mərasimdə iştirak etməsinə təkid etmişdi, onların etirazı isə kəndin ağsaqqalının xoşuna gəlməmişdi. Bu mərasimdə mövsümi yağışların yağması üçün ölülərin ruhu çağrılır və hər bir kəndlinin iştirakı gözlənilir. Qardaşlarımız Müqəddəs Kitaba əsaslanan vicdanlarına görə bu mərasimə qatılmaqdan imtina etmişdilər.
Kəndin ağsaqqalı qardaşlara qarşı çıxaraq onları mərasimə qatılmağa məcbur etməyə çalışmışdı. Odur ki, qardaşlarımız Çipinq Sülh Məhkəməsinə müraciət etdilər.
5 yanvar 2021-ci il tarixində Sülh Məhkəməsi qardaşlarımızın lehinə qərar çıxardı. Buna rəğmən, kəndin böyükləri məhkəmənin qərarına tabe olmaqdan boyun qaçırdılar və qardaşlarımıza təzyiq göstərməyə davam etdilər. Üstəlik, kəndin digər sakinləri də onlardan yan gəzməyə və pis davranmağa başladı.
Qardaşlarımız davamlı pis rəftara məruz qaldıqlarına görə Ali Məhkəməyə müraciət etdilər. Məhkəmə kənd böyüklərinin onların hüquqlarını pozduğunu qəbul etdi. Həmçinin məhkəmənin qərarına əsasən kənd böyükləri qardaşlarımızı əqidələrinə zidd olan istənilən yerli mərasimdə iştirak etməyə məcbur etməməli və dəyən zərərin qarşılığını ödəməlidir.
Ümid edirik ki, bu qərar Zimbabvedə yaşayan bütün dindaşlarımızın xeyrinə olacaq, çünki bu adətlər bütün ölkədə geniş yayılıb. Bu cür gözəl sonluğa görə Allahımız Yehovaya minnətdarıq (Məsəllər 2:8).