Kontentə keç

Zimbabvenin Harare şəhərindəki filial binası. Üst şəkil: Bolvayoda filial binası kimi istifadə olunan ilk binalardan biri

3 OKTYABR 2023
ZİMBABVE

Zimbabve filialının yetmiş beş illiyi

Zimbabve filialının yetmiş beş illiyi

Yehovanın Şahidləri 2023-cü ilin sentyabr ayında Zimbabve filialının yetmiş beş illiyini qeyd etdi. Filial Zimbabvenin paytaxtı Harare şəhərində yerləşir.

Zimbabvedə Yehovanın Şahidlərinin ilk təbliğ işini Cənubi Afrika filialının nəzdində olan yığıncaqlar təşkil edib. 1932-ci ildə Cənubi Afrika filialı Zimbabvedə (Cənubi Rodeziya) keçirilən təbliğ kampaniyasına dörd öncül göndərdi. Çoxlu insan həqiqətə hay verdi.

Soldan sağa: Erik Kuk, Meri Teylor, Fillis Kit, Rubi Bredli və Corc Bredliy

1940-cı ilin noyabrında ölkədə baş qaldıran millətçilik və müharibə ab-havası nəşrlərimizin idxalına və paylanmasına qadağa qoyulması ilə nəticələndi. Həmin illər ərzində məsihi bitərəfliyini qoruduğu üçün çoxlu dindaşımız həbs olundu. Onlar gizlin yollarla da olsa, xoş xəbəri başqaları ilə bölüşür və çox gözəl nəticələr əldə edirdilər. Qadağalar altı ildən sonra ləğv olundu. Çox keçməmiş ölkədə təbliğçilərin sayı üç dəfə artaraq 3500-ə çatdı.

Get-gedə artan təbliğ işinə dəstək olmaq üçün 1 sentyabr 1948-ci ildə Zimbabvenin ikinci ən böyük şəhəri olan Bolvayoda filial təsis olundu. Erik Kuk qardaş ilk filial xidmətçisi təyin olundu. Daha sonra Corc və Rubi Bredli cütlüyü və Gilad Məktəbinin məzunları Fillis Kit, Meri Teylor Zimbabve filialına təyin olundular.

Zimbabve Beytel ailəsinin çalışqan üzvləri. Soldan sağa: Bir qardaş Beytel ailəsi üçün yemək hazırlayır; Zimbabve jest dili tərcümə qrupu; bacı güllərə qulluq edir

Növbəti illər ərzində Zimbabvedə təbliğçilərin sayı sürətlə artdı. Artan tələbatı qarşılamaq üçün filialda yeni binalara ehtiyac var idi.

Zimbabve filialının ərazisində istifadə olunan on dildə nəşrlər

1998-ci ilin dekabrında Hararedə növbəti bina inşa edildi. Filial öz ərazisindəki 960 yığıncağa və yeddi dilə tərcümə işinə nəzarət edir. Hazırda ölkədə 46 000-dən çox bacı-qardaş xoş xəbəri təbliğ edir. 2023-cü ildə Məsihin ölümünü anma mərasimində 120 702 nəfər iştirak edib.

Zimbabvedə Yehovaya xidmət edən insanların sayının günü-gündən artması qəlbimizi sevindirir. Bu artım bizi əmin edir ki, Yehovanın nəzəri həmişə sadiq kəslərin üzərində olacaq (2 Salnamələr 7:16).