24 OKTYABR 2023
ZİMBABVE
Zimbabvedə aqro sərgidə ictimai şahidlik
2023-cü ilin 28 avqust—2 sentyabr tarixlərində Zimbabvenin Harare şəhərində aqro sərgi keçirildi. Bu beynəlxalq sərgiyə 500-dən çox iştirakçı və 250 000-dən çox ziyarətçi qatıldı. Orada yaşayan bacı-qardaşlar sərgidə stend qurub ingilis, ndebele (Zimbabve) və şona dillərində ədəbiyyatlar nümayiş etdirdilər. 79 bacı-qardaşımız ümumilikdə 6300-ə yaxın nəşr payladı və 116 nəfər Müqəddəs Kitab dərsi üçün müraciət etdi.
Tamuka adlı bir yeniyetmə stendə yaxınlaşdı. «Gənclərin sualları» kitabının 1-ci və 2-ci cildi onun diqqətini çəkdi. Amma biləndə ki, Yehovanın Şahidləri pulsuz Müqəddəs Kitab dərsləri təklif edir o, sevinclə soruşdu: «Mənə Müqəddəs Kitab dərsləri haqda ətraflı məlumat verə bilərsiniz?» «Əbədi xoşbəxt həyat!» nəşri vasitəsilə Müqəddəs Kitab dərslərinin necə keçirildiyi barədə öyrənəndən sonra o, dərs keçmək istəyini bildirdi. Qardaşlar Tamukanın dərsi davam edə bilməsi üçün lazımi addımlar atıb.
Başqa bir kişi stendə yaxınlaşaraq Yehovanın Şahidlərinin çox həlim olduqlarını və onların təbliğ üsullarını bəyəndiyini bildirdi. Stenddə dayanan qardaş ona Mətta 28:19, 20 ayələrini oxuyub Yehovanın Şahidlərinin Müqəddəs Kitabdakı şagird hazırlamaq tapşırığına ciddi yanaşdığını izah etdi. Kişi dedi: «Kaş mən də belə cəsarətli olardım». O, qardaşın Müqəddəs Kitab dərsi keçmək təklifini məmnuniyyətlə qəbul etdi.
Başqa bir qadın Yehovanın Şahidlərini mehriban və təvazökar olduqlarına görə təriflədi. Qardaşlar izah etdilər ki, Allahın Kəlamını öyrənib həyatımızda tətbiq etmək bizə bu cür xüsusiyyətlər yetişdirməyə kömək edir. Daha sonra stenddə duran bacı qadına «Əbədi xoşbəxt həyat!» broşürü vasitəsilə necə Müqəddəs Kitab dərsi keçirildiyini göstərdi. Qadın ailələr və gənclər üçün nəşrlər də daxil olmaqla, çoxlu sayda müxtəlif nəşrlərimizin olduğunu, üstəlik pulsuz olduğunu biləndə heyran qaldı. O, bəzi nəşrlərimizi və Müqəddəs Kitabı götürdü və Müqəddəs Kitab dərsi keçmək təklifini qəbul etdi. Qadın dedi: «Bu, həyatımda aldığım ən gözəl hədiyyədir».
Bacı-qardaşlarımız sərgi boyu həm də qeyri-formal şahidlik veriblər. Bir qardaşımız sərgidə öz stendinin yanında dayanan qadınla söhbət etdi. Həmin gün bir müddət sonra qardaş yenidən həmin qadına yaxınlaşaraq ona Müqəddəs Kitab və bəzi nəşrlərimizi təklif etdi. Qadın nəşrləri həvəslə qəbul etdi və bildirdi ki, əslində o, Müqəddəs Kitab istəyirdi, amma əldə edə bilmirdi. Sonra qadın bacının onu ziyarət edə bilməsi üçün öz əlaqə nömrəsini verdi.
Ranqanay adlı bir bacı sərgidə iştirakla bağlı öz hisslərini belə ifadə etmişdi: «Keçən il səhhətim əl vermədiyi üçün xidmətdə istədiyim qədər iştirak edə bilməmişdim. Lakin çətinliklərə rəğmən diqqətimi sahib olduğum nemətlərə cəmləməyi öyrəndim. Tədbirdə iştirak etmək imkanım da bu nemətlərdən biridir. Bu mənə ehtiyacım olan əminliyi verdi və ruhlandırdı».
Bütün bunlar ürəyimizi sevindirir. «Allahın əməkdaşları» kimi Zimbabvedəki bacı-qardaşlarla çiyin-çiyinə xidmət etməkdən qürur duyuruq (1 Korinflilərə 3:9).