14 APREL 2023
ZİMBABVE
Zimbabvedə görmə məhdudiyyətli insanlara «nur saçılır»
Bu ilin əvvəlində Zimbabve filialı iki dövlət qurumundan minnətdarlıq məktubu aldı, Dorosi Dünkan adına Fiziki Məhdudiyyətli və Gözdən Əlillər Mərkəzindən, həmçinin Zimbabve Universitetindən. Hər iki qurum bu məktublarda brayl əlifbası ilə «Yeni Dünya Tərcüməsi»nin və Müqəddəs Kitaba əsaslanan nəşrlərin nüsxələrini bağışladığına görə filiala təşəkkür edirdi. Zimbabve Universitetindən gələn məktubda belə sözlər yazılmışdı: «Sizin hədiyyələriniz tələbələrimizə əxlaqi cəhətdən düzgün davranmağa kömək edəcək. Siz həqiqətən də insanlara kömək edirsiniz və buna görə sizə son dərəcə minnətdarıq».
Filialın bağışladığı nəşrlər Zimbabvedə yaşayan 10 000-dən çox tam və qismən görmə məhdudiyyətli insanlara kömək etmək məqsədi ilə görülən ilk tədbir deyil. 2017-ci ildə filial bu insanlar üçün xüsusi təbliğ kompaniyası keçirmişdi. Kompaniya zamanı bu sahədə xidmət edən təbliğçilərə kömək məqsədi ilə iki cütlük xüsusi öncül təyin olunmuşdu. Nəticədə 46 Müqəddəs Kitab dərsi başlanmış və 3 nəfər vəftiz olunmuşdu.
Vəftiz olunanlardan biri Mavies Çaya bacı idi. Ona 2021-ci ildə telefonla təbliğ etmişdilər. Mavies görmə qabiliyyətini yaxşılaşdırmaq üçün əvvəl-əvvəl dua ilə xəstəlik sağaldanlara üz tutur, amma onların cəhdləri boşa çıxandan sonra bütün ümidini itirir. Müqəddəs Kitabdan korların yeni dünyada yenidən görəcəyi haqda öyrənəndə ümidi canlanır. O, həftədə iki dəfə Müqəddəs Kitabı öyrənməyə başlayır və 2022-ci ilin aprel ayında vəftiz olunur.
Yehovanın korların gözlərini açacağı günü səbirsizliklə gözləyirik. O vaxta qədər isə Yehovanın indidən insanlara necə nur və dərrakə verdiyini görmək ürəyimizi fərəhləndirir (Zəbur 119:130).